Türkiyənin Bursa şəhərində metal emalı atelyesi tərəfindən ərsəyə gətirilən buğa heykəli sosial məsuliyyət layihəsi çərçivəsində azərbaycanlı iş adamına göndəriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Atelyenin rəhbəri Rıdvan Sevim bildirib ki, memar dostlarının dəstəyi ilə 15 gün gecə-gündüz çalışaraq 320 kiloqramlıq əsər yaradıblar. Heykəl hər birinin ölçüsü və qaynaq bucağı fərqli olan, 2 millimetr qalınlığında 1035 ədəd üçbucaqlı metal təbəqədən ibarətdir. Hündürlüyü 1.95, uzunluğu 3.95 metr olan bu əsər tamamlandıqdan sonra Sevim onu sosial şəbəkə hesabında nümayiş etdirib.
Bakıda yaşayan azərbaycanlı bir iş adamı isə paylaşımı gördükdən sonra usta ilə əlaqə saxlayaraq heykəli almaq istədiyini bildirib. Yaxın 10 gün ərzində son tamamlanma işləri bitdikdən sonra Azərbaycana yola salınacaq heykəlin müqabilində əlilliyi olan 50 şəxs üçün akkumulyatorlu əlil arabası alınacaq.

Nəhəng heykəli alan Azərbaycan vətəndaşının kimliyi və əsərin qiyməti barədə açıqlama verilməyib.


