Dostlar və ya ailə üzvləri ilə birlikdə səyahət etmək xoş xatirələr yarada bilsə də, yanlış planlaşdırma münasibətlərdə gərginliyə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, istirahət zamanı mübahisələrin qarşısını almaq üçün səfərdən əvvəl gözləntiləri, büdcəni və gündəlik planları razılaşdırmaq vacibdir.
Demokrat.az xəbər verir ki, bu barədə turizm sahəsində ixtisaslaşmış "Fodor"s" nəşri yazıb.
Ekspertlərin fikrincə, uğurlu səfərin əsas şərtlərindən biri bütün iştirakçıların istirahətdən nə gözlədiyini əvvəlcədən müəyyənləşdirməkdir. Bəziləri səhər tezdən oyanaraq muzeyləri gəzmək, digərləri isə gec oyanıb günlərini daha sakit keçirmək istəyə bilər. Buna görə də səfərin proqramı hər kəsin maraqları nəzərə alınmaqla hazırlanmalıdır.
Büdcəni əvvəlcədən müəyyənləşdirin
Səyahət zamanı mübahisələrin əsas səbəblərindən biri pul məsələsidir. İştirakçıların gəlirləri və xərcləmək istədikləri məbləğ fərqli olduğundan, ümumi büdcəni əvvəlcədən razılaşdırmaq tövsiyə edilir. Hər kəsin öz imkanlarına uyğun xərc çəkməsi və başqalarının seçiminə görə əlavə ödəniş etməyə məcbur qalmaması vacibdir.
Mütəxəssislər həmçinin ortaq xərclərin necə bölüşdürüləcəyinin əvvəlcədən müəyyənləşdirilməsini məsləhət görürlər. Məsələn, ümumi yemək və gündəlik ehtiyaclar üçün ortaq fond yaratmaq hesablaşmaları asanlaşdıra bilər.
Öhdəlikləri bölüşdürün və şəxsi vaxta hörmət edin
Səfərin bütün təşkilati işlərinin bir nəfərin üzərinə düşməsi narazılıq yarada bilər. Buna görə də marşrutun hazırlanması, rezervasiyalar və digər məsələlər üzrə məsuliyyət iştirakçılar arasında bölüşdürülməlidir.
Digər vacib məqam isə şəxsi vaxta hörmət etməkdir. Birlikdə səyahət etmək hər anı kollektiv şəkildə keçirmək demək deyil. Kiminsə tək gəzmək, dincəlmək və ya öz maraqları ilə məşğul olmaq istəyi normal qarşılanmalıdır.
Yaşayış şəraitini əvvəlcədən razılaşdırın
Otaqların bölüşdürülməsi, yuxu rejimi, təmizlik və yemək hazırlanması kimi məsələlər də narazılığa səbəb ola bilər. Buna görə də səfərdən əvvəl kimin hansı şəraitdə qalacağı və gündəlik məişət işlərinin necə təşkil ediləcəyi müzakirə olunmalıdır.
Ekspertlər bütün iştirakçıların istirahət vərdişlərinin və gözləntilərinin uyğun olub-olmadığını da nəzərə almağı tövsiyə edirlər. İstirahət anlayışları kəskin fərqlənən və hər kəsə öz fikrini qəbul etdirməyə çalışan insanlarla səyahət etmək çətinlik yarada bilər.
Problemləri vaxtında müzakirə edin
Mütəxəssislərin fikrincə, uğurlu birgə istirahətin əsas şərtlərindən biri açıq ünsiyyətdir. Hər hansı məsələ narahatlıq yaradırsa, onu səfərin sonuna qədər gözlətməkdənsə, vaxtında müzakirə etmək daha məqsədəuyğundur.
Beləliklə, səfərdən əvvəl büdcənin, gündəlik planların, yaşayış şəraitinin və şəxsi sərhədlərin razılaşdırılması dostlarla istirahətin xoşagəlməz mübahisələrə çevrilməsinin qarşısını almağa kömək edə bilər.
Jalə


