YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Döşəməni parıldatmaq üçün suya nə əlavə etmək lazımdır? – 5 sadə üsul

Döşəməni parıldatmaq üçün suya nə əlavə etmək lazımdır? – 5 sadə üsul

Döşəməni təmizləmək və köhnə ləkələrdən qurtulmaq üçün bahalı təmizləyici vasitələrdən istifadə etmək mütləq deyil. Bəzi məişət məhsulları da səthlərin təmizlənməsinə və xoşagəlməz qoxuların aradan qaldırılmasına kömək edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri yazıb. Nəşrin Southern Living nəşrinə istinadən verdiyi məlumata görə, döşəmənin yuyulması zamanı limon şirəsi, qab yuyucu vasitə, soda, sirkə və bitki çayından istifadə etmək mümkündür.

Limon şirəsi və qab yuyucu vasitə

Döşəmədə sabun və sərt suyun yaratdığı ləkələri təmizləmək üçün suya dörddəbir stəkan limon şirəsi əlavə etmək tövsiyə olunur. Limonun tərkibindəki turşu bəzi çirk və ləkələrin təmizlənməsinə, həmçinin xoşagəlməz qoxuların azalmasına kömək edir.

Mətbəxdəki yağlı və yapışqan ləkələrə qarşı isə qab yuyucu vasitədən istifadə etmək olar. Bunun üçün bir qab suya bir xörək qaşığı vasitə əlavə etmək kifayətdir. Lakin səthdə sabun qalıqlarının yaranmaması üçün vasitənin miqdarını artırmamaq vacibdir.

Soda və sirkə ilə təmizlik

Digər əlçatan vasitə çörək sodasıdır. Dörd litr suya iki xörək qaşığı soda əlavə etməklə qurumuş ləkələrin və heyvanlardan qaynaqlanan qoxuların aradan qaldırılmasına kömək etmək mümkündür. Bu üsul xüsusilə vinil və linoleum döşəmələr üçün qeyd olunur.

Sirkə də təmizlikdə istifadə edilən vasitələrdəndir. Onu su ilə 1:10 nisbətində qarışdırmaq tövsiyə olunur. Sirkə bəzi çirk qalıqlarını və qoxuları aradan qaldıra bilər. Bununla belə, turşuluğuna görə mərmər, əhəngdaşı və digər təbii daş səthlərdə istifadə edilməməlidir.

Bitki çayı və portağal qabığı

Döşəmənin yuyulması zamanı nanə və ya çobanyastığı çayından da istifadə etmək mümkündür. Bunun üçün iki paket çay bir stəkan suda dəmlənir və alınan maye yuma suyuna əlavə edilir. Alternativ olaraq, bir portağalın qabığını bir litr suda qaynadaraq ətirli məhlul hazırlamaq olar.

Mütəxəssislər xoş qoxu əldə etmək üçün suya bir neçə damcı efir yağı əlavə etməyi də məsləhət görürlər. Lakin bu vasitələrin təsiri səthdən və istifadə edilən məhsuldan asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, hər hansı məhlulu tətbiq etməzdən əvvəl döşəmənin materialına uyğunluğunu yoxlamaq vacibdir. Sirkə və limon şirəsi kimi turşulu vasitələr bəzi örtüklərə zərər verə bilər. Həmçinin sirkəni heç vaxt xlorlu təmizləyicilərlə qarışdırmaq olmaz.

Jalə