Yüksək arterial təzyiqdən əziyyət çəkən insanların qəhvədən tamamilə imtina etməsi hər zaman vacib deyil. Mütəxəssislərin məlumatına görə, bəzi hallarda gündə bir-iki standart fincan qəhvə qəbul etmək mümkündür. Bununla belə, içkinin miqdarı və tərkibindəki kofein, eləcə də orqanizmin fərdi reaksiyası nəzərə alınmalıdır.
Demokrat.az xəbər verir ki, bu barədə Polşanın "Portal Spożywczy" saytı yazıb.
Qəhvənin tərkibindəki kofein sinir sistemini stimullaşdırır, ürək döyüntüsünü sürətləndirə və arterial təzyiqi müvəqqəti yüksəldə bilər. Kofeinin qandakı səviyyəsi adətən təxminən bir saat ərzində ən yüksək həddə çatır, təsiri isə bir neçə saat davam edə bilər.
Kimlər qəhvə qəbulunu məhdudlaşdırmalıdır?
Təzyiqi yüksək və ya nəzarət altında olmayan şəxslər qəhvə istehlakına xüsusi diqqət yetirməlidirlər. Araşdırmalardan birində arterial təzyiqi 160/100 mm civə sütunu və ya daha yüksək olan insanların gündə iki və daha çox fincan qəhvə içməsi ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə əlaqələndirilib. Lakin tədqiqat bu əlaqənin birbaşa səbəbinin qəhvə olduğunu sübut etmir.
Təzyiqi tez-tez yüksələn, müalicəyə baxmayaraq yüksək göstəriciləri davam edən və ya ürək ritmində pozuntular yaşayan şəxslərə kofein qəbulu ilə bağlı həkimlə məsləhətləşmək tövsiyə olunur. Qəhvədən sonra narahatlıq hiss edənlər isə porsiyanı azaltmağı, daha zəif qəhvə içməyi və ya kofeinsiz növə keçməyi nəzərdən keçirə bilərlər.
Qəhvənin təzyiqə təsirini necə yoxlamaq olar?
Orqanizmin reaksiyasını qiymətləndirmək üçün qəhvə içməzdən əvvəl, daha sonra isə 30–120 dəqiqə ərzində arterial təzyiqi ölçmək olar. Bu müşahidəni müxtəlif günlərdə təkrarlamaq daha düzgün nəticə əldə etməyə kömək edə bilər.
Dəqiq ölçmə üçün kofeinli içkilərdən ən azı 30 dəqiqə uzaq durmaq və ölçmədən əvvəl təxminən beş dəqiqə sakit oturmaq tövsiyə edilir.
Qanda xolesterinin səviyyəsi yüksək olan şəxslər də qəhvənin hazırlanma üsuluna diqqət yetirməlidirlər. Kağız filtrdən keçirilən qəhvədə "pis" xolesterini yüksəldə bilən kafestol maddəsi fransız presində hazırlanan süzülməmiş qəhvə ilə müqayisədə daha az olur.
Qeyd edək ki, qəhvənin təzyiqə təsiri insandan-insana dəyişir. Gündə bir-iki fincan qəhvə hər kəs üçün təhlükəsiz norma hesab edilə bilməz. Yüksək təzyiqi olan şəxslər fərdi vəziyyətlərinə uyğun miqdarı həkimlə müəyyənləşdirməlidirlər.
Jalə


