YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Beyni zədələnmədən qoruya bilən bir vitamin müəyyən edildi

Beyni zədələnmədən qoruya bilən bir vitamin müəyyən edildi

E vitamini şəkərli diabetlə əlaqəli beyin hüceyrələrinin zədələnməsini azaltmağa və idrak pozuntuları riskini aşağı salmağa kömək edə bilər. Çinli alimlər bu qənaətə əvvəlki elmi araşdırmaları təhlil etdikdən sonra gəliblər.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Alimlərin məlumatına görə, şəkərli diabet yaddaş, diqqət və düşünmə qabiliyyəti ilə bağlı problemlərin yaranma riskini artırır. Buna səbəb kimi oksidləşdirici stress, xroniki iltihab, insulin siqnallarının ötürülməsindəki pozuntular və beyin damarlarının zədələnməsi göstərilir.

Tədqiqatçılar E vitamininin bu proseslərə mümkün təsirini araşdırıblar. Yağda həll olan antioksidant bəzi hüceyrə və heyvan təcrübələrində oksidləşdirici stressi və iltihabı azaltmağa, sinir hüceyrələri arasındakı əlaqələri qorumağa, eləcə də orqanizmin insulinə həssaslığını yaxşılaşdırmağa kömək edib. Beyin damarlarının fəaliyyəti ilə bağlı müsbət təsirlər də müşahidə olunub.

Bununla belə, alimlər vurğulayırlar ki, əldə edilən nəticələrin böyük hissəsi laboratoriya təcrübələrinə və heyvanlar üzərində aparılan tədqiqatlara əsaslanır. E vitamininin insanlarda diabetlə əlaqəli beyin zədələnməsinin qarşısını alıb-almadığını müəyyənləşdirmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Tədqiqat müəllifləri həmçinin vitamin əlavələrinin uzunmüddətli istifadəsinin təhlükəsizliyinin qiymətləndirilməsinin vacibliyini qeyd ediblər. E vitamininin yüksək dozaları yan təsirlərə səbəb ola və bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Buna görə də vitamin əlavələrindən həkim məsləhəti olmadan yüksək dozada istifadə etmək tövsiyə edilmir.

Jalə