Süni intellekt texnologiyalarından sağlamlıqla bağlı məlumat almaq və qərar vermək üçün istifadə edənlərin sayı artır. Lakin bu texnologiyaların tibbi məsləhətləri hər zaman düzgün və təhlükəsiz olmaya bilər. Xüsusilə, həkim nəzarəti olmadan dərman qəbulunun dayandırılması ciddi fəsadlara səbəb ola bilər.
Süni intellektin dərman qəbulu ilə bağlı verdiyi məsləhətlər nə dərəcədə təhlükəlidir və insanlar "ChatGPT" nin tövsiyələrinə əsasən həkim təyinatını dəyişə bilərlərmi?
Demokrat.az-a bu barədə danışan terapevt Zakir Quliyev söyləyib ki, yalnız "ChatGPT"nin tövsiyəsinə əsaslanaraq həkimin təyin etdiyi dərmanı dayandırmaq, dozasını dəyişmək və ya başqa preparatla əvəz etmək təhlükəsiz deyil:

"Süni intellekt tibbi məlumatı anlamağa kömək edə bilər, lakin fərdi müalicə qərarı tibbi qiymətləndirmə tələb edir. Əsas təhlükə səhv məlumatın inandırıcı və əmin tərzdə təqdim edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, belə sistemlər yanlış, natamam və qərəzli tibbi cavablar verə bilər. Riskin dərəcəsi konkret dərmandan, verilən məsləhətdən və insanın sağlamlıq vəziyyətindən asılıdır. Buna görə bütün tövsiyələr üçün vahid təhlükə faizi göstərmək düzgün olmaz. Dərmanın təhlükəsizliyi onun dozası, istifadə müddəti, digər preparatlarla qarşılıqlı təsiri və xəstənin sağlamlıq vəziyyəti ilə bağlıdır. "ChatGPT" yə yazılan məlumatlar bu amillərin hamısını əhatə etməyə bilər. Hətta ümumən düzgün məlumat konkret xəstə üçün uyğun olmaya bilər".
Terapevt əlavə edib ki, bəzi dərmanların qəfil dayandırılması xüsusilə təhlükəlidir:
"Məsələn, benzodiazepin qrupundan olan sakitləşdiricilərin qəfil kəsilməsi həyati təhlükəli qıcolmalara səbəb ola bilər. Prednizolon kimi steroidlərin, xüsusilə uzunmüddətli və ya yüksək dozalı istifadədən sonra dayandırılması isə xəstəliyin ağırlaşmasına və orqanizmdə təbii steroid çatışmazlığına gətirə bilər. Belə hallarda dozanın həkimin müəyyənləşdirdiyi qaydada tədricən azaldılması lazım gələ bilər. "ChatGPT" nin cavabı təyin olunmuş müalicə ilə bağlı şübhə yaradarsa, həmin cavabı həkimlə müzakirə etmək lazımdır. Əczaçı da dərmanın qəbulu və təhlükəsizliyi barədə sualları aydınlaşdıra bilər. Dərman artıq dayandırılıbsa, özbaşına yeni qəbul sxemi qurmaq əvəzinə həkimlə tez əlaqə saxlamaq məqsədəuyğundur. Nəfəs darlığı, dil və ya boğazda şişmə, yaxud qıcolma olarsa, onlayn cavab gözləmədən təcili tibbi yardım alınmalıdır".
Qeyd edək ki, belə bir hadisə dünya ölkələrinin birində baş verib. Ağır epilepsiyadan əziyyət çəkən 31 yaşlı "Amazon" proqramçısı Bouen Vanın valideynləri qızlarının ölümünə görə "OpenAI" şirkətinə qarşı iddia qaldırıblar. Onlar "ChatGPT"nin Vanı qıcolma əleyhinə dərmanını dayandırmağa yönləndirdiyini və bu qərarı həkimindən gizlətməyə təşviq etdiyini iddia edirlər. Sənədlərə görə, qadın dərmanı dayandırdıqdan sonra huşunu itirmə və oxumaqda çətinlik kimi problemlər yaşayıb, 2026-cı ilin fevralında isə epilepsiya zamanı qəfil və gözlənilməz ölüm keçirib. "OpenAI" hadisəni ürəkdağlayan adlandırıb və qadının "ChatGPT"nin əvvəlki versiyalarından biri olan GPT-4o modelindən istifadə etdiyini bildirib.


