Son illər uşaqların sosial şəbəkələrdə videolar paylaşaraq qısa müddətdə məşhurlaşması geniş yayılıb. Bəzi valideynlər övladlarının tanınmasını uğur hesab etsələr də, erkən yaşda ictimai diqqət mərkəzində olmaq uşaqların psixoloji inkişafına təsirsiz ötüşmür. Bəyənmə və izləyici sayına bağlılıq, mənfi şərhlər, şəxsi həyatın məxfiliyinin pozulması uşaqlarda özgüvən problemlərinə və emosional gərginliyə səbəb ola bilər.
Bəs uşaqların sosial şəbəkələrdə məşhurlaşması onların psixologiyasına necə təsir edir? Valideynlər övladlarını mümkün risklərdən qorumaq üçün nələrə diqqət etməlidirlər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a bildirib ki, uşaqlar sosial şəbəkələrdə məşhurlaşarkən bunun psixoloji nəticələrini tam dərk etmirlər.

Onun sözlərinə görə, onlarda həyatın daim diqqət, bəyənmə və tərif üzərində qurulduğu düşüncəsi formalaşır:
"Bu isə reallıqla illüziyaların sərhədini zəiflədir, özünüdəyərləndirməni başqalarının münasibətindən asılı vəziyyətə salır. Valideynlər bəzən uşaqlarını sosial şəbəkələrdə məşhurlaşdırmaqla onlara uğur qazandırdıqlarını düşünürlər. Lakin bu zaman uşağın psixoloji inkişafı, emosional vəziyyəti və gələcəkdə formalaşacaq dünyagörüşü diqqətdən kənarda qala bilər. Halbuki uşağın sosial şəbəkələrdə tanınması onun yaşına uyğun olmayan gözləntilərlə üzləşməsinə, başqalarının fikirlərindən həddindən artıq asılı olmasına və özünü daim nümayiş etdirmək ehtiyacı hiss etməsinə səbəb ola bilər.
Sosial şəbəkələrdən istifadə uşağın sosiallaşması, yeni biliklər əldə etməsi və dünyagörüşünün genişlənməsi məqsədi daşıyırsa, bu proses mütləq valideyn nəzarəti və düzgün izahla müşayiət olunmalıdır. Valideynlər uşaqların virtual aləmdə qarşılaşdıqları hadisələrə münasibət bildirməli, onların suallarını diqqətlə dinləməli və heç bir sualın cavabsız qalmasına imkan verməməlidirlər. Uşağın internetdə gördükləri, eşitdikləri və qarşılaşdıqları hadisələr barədə sərbəst danışa bilməsi vacibdir. Bu, həm valideynlə uşaq arasında etimadın formalaşmasına, həm də uşağın virtual mühitdə baş verənləri düzgün qiymətləndirməsinə kömək edir.
Eyni zamanda, virtual aləmlə real həyat arasındakı fərq uşağa aydın şəkildə izah olunmalıdır. Sosial şəbəkələrdə nümayiş etdirilən həyatın hər zaman reallığı əks etdirmədiyi, insanların orada təqdim etdikləri görüntülərin onların gündəlik həyatını tam ifadə etmədiyi uşağın yaşına uyğun formada başa salınmalıdır. Uşaq anlamalıdır ki, sosial şəbəkələrdə çoxlu izləyiciyə sahib olmaq, videolarının minlərlə bəyənmə toplaması və ya insanlar tərəfindən tanınması onun şəxsi dəyərini müəyyən etmir.
Valideynlər uşağa məşhurluğun həyatın dəyişməz norması olmadığını, sosial şəbəkələrin yaratdığı diqqətin isə müvəqqəti xarakter daşıya biləcəyini anlatmalıdırlar. Əsas məqsəd uşağın virtual aləmdə qazandığı tanınma ilə özünü dəyərləndirməsinin qarşısını almaq, onun real həyatda münasibətlərə, təhsilə, şəxsi inkişafa və digər maraqlarına da eyni dərəcədə əhəmiyyət verməsini təmin etməkdir. Uşaq başa düşməlidir ki, onun uğuru yalnız izləyici və bəyənmə sayı ilə ölçülmür".


