Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, cari ilin sentyabr ayına dair göstəricilərə əsasən, qida məhsulları və alkoqollu içkilər üzrə qiymət artımı, eləcə də ümumi inflyasiya göstəricisi 6,9% təşkil edib. Onun sözlərinə görə, qeyri-qida məhsulları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq 3,6% və 5,1% olub.
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında bildirib ki, əsasən qida məhsullarının qiymətləri daha çox artıb.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

"Burada xarici amillər də rol oynayır. Bildiyimiz kimi, dünyada qida məhsullarının qiymətləri artır. Xüsusilə hərbi münaqişələr bu gərginliyi daha da artırır. Təbii ki, Azərbaycanda da, xüsusilə ətin və digər qida məhsullarının qiymətlərində artım müşahidə olunur. Bunun müəyyən daxili səbəbləri də var. Növbəti aylarda qiymət artımının davam edib-etməyəcəyinə gəlincə, bu, əsasən xarici amillərdən asılıdır. Qlobal iqtisadiyyatda sabitlik yaranarsa, qiymətlər azala bilər".
Emin Qəribli əlavə edib ki, Azərbaycanda da müəyyən daxili problemlər mövcuddur:
"Ətə və digər qida məhsullarına tələbat artıb. Bu istiqamətdə gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün müəyyən işlər görülür. Lakin bunun nəticə verməsi üçün vaxt tələb olunur və proses bir neçə il çəkə bilər.
Ümumilikdə, qeyd etmək olar ki, qiymətlər xarici amillərdən asılı olduğuna görə, böyük ehtimalla, gələn il də qida məhsullarının qiymətlərində müəyyən gərginlik müşahidə olunacaq. Bununla belə, dünyada, xüsusilə İran-ABŞ-İsrail, Rusiya və digər münaqişələrdə gərginlik azalarsa, qiymət artımı da nisbətən zəifləyə bilər".


