Bir çox insan toyuq ətini bişirməzdən əvvəl su ilə yumağı vacib hesab edir. Lakin aşpazların sözlərinə görə, bu vərdiş bakteriyaları məhv etmək əvəzinə onların mətbəxin digər səthlərinə yayılmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, aşpaz Xose Kastilyo "El Español" nəşrinə açıqlamasında çiy toyuğun yuyulmasının təhlükəli olduğunu bildirib.
Onun sözlərinə görə, su toyuğun səthindəki bakteriyaları zərərsizləşdirmir. Əksinə, yuma zamanı yaranan sıçrantılar mikrobları mətbəx çanağına, iş masasına, qablara və digər əşyalara daşıya bilər.
"Bu, mənasızdır. Siz sadəcə bakteriyaları təmiz qabların üzərinə sıçradırsınız", deyə aşpaz bildirib.
Bu xəbərdarlıq qida təhlükəsizliyi üzrə mütəxəssislərin tövsiyələri ilə də üst-üstə düşür. Kataloniya Qida Təhlükəsizliyi Agentliyi də çiy toyuğun yuyulmasını məsləhət görmür. Çünki bu zaman kampilobakter kimi bakteriyalar əllərə, geyimə, mətbəx səthlərinə və digər qidalara keçə bilər.
Bu hal çarpaz çirklənmə adlanır. Xüsusilə çiy yeyilən tərəvəzlərə və ya hazır yeməklərlə təmasda olan mətbəx alətlərinə bakteriyaların düşməsi sağlamlıq üçün risk yaradır.
Toyuq əti hazırlayarkən nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər bir neçə sadə gigiyena qaydasına əməl etməyi tövsiyə edirlər:
- Çiy toyuq ətini digər qidalardan ayrı saxlayın və onun şirəsinin başqa məhsullara dəyməsinə imkan verməyin.
- Çiy ət və hazır qidalar üçün ayrı kəsmə taxtalarından və mətbəx alətlərindən istifadə edin.
- Toyuğa və ya onun qablaşdırmasına toxunduqdan sonra əllərinizi sabunla yuyun.
- Ətin təmas etdiyi çanağı, iş masasını və qabları diqqətlə təmizləyin.
Toyuq ətində ola biləcək bakteriyaları məhv etməyin əsas yolu onu lazımi temperaturda bişirməkdir. Ətin yalnız xarici hissəsinin deyil, içərisinin də tam bişməsi vacibdir. Buna görə də çiy toyuğu yumaq əvəzinə, düzgün saxlamaq və kifayət qədər istilik emalından keçirmək daha təhlükəsiz hesab olunur.
Jalə


