Abşeron rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Təvəkkül birgə yaşadıqları evdə alkoqol sərxoşluğu vəziyyətində olarkən qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı tanışı Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Kəmalənin onun evə növbəti dəfə alkoqol sərxoşluğu vəziyyətində gəlməsinə irad bildirməsi nəticəsində aralarında yenidən narazılıq yaranıb və mübahisə baş verib. Təvəkkül həmin mübahisə zamanı qadının sifət, baş və ayaq nahiyələrinə əli, yumruğu və ayağı ilə ardıcıl zərbələr endirib.
Təvəkkül barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Kəmalə ilə təxminən 12 ildir qeyri-rəsmi ər-arvad münasibətində yaşayır və bu münasibətdən övladları yoxdur.
"Mənim spirtli içki qəbul etməyimə görə arada Kəmalə ilə aramızda sözlü mübahisələr baş verir. Sonuncu dəfə məlum hadisə günü, günorta saatlarında yaşadığım binanın yaxınlığındakı kafelərin birində araq içərək evə gəldim. Həmin gün saat 16 radələrində yaşadığım evdə olarkən Kəmalə mənə sərxoş vəziyyətdə evə gəldiyim üçün irad bildirdi. Mən də Kəmalənin bu iradından əsəbiləşdim, üzərinə gedərək əlim, yumruğum və ayağımla onun sifət, baş və ayaq nahiyələrinə zərbələr endirib onu döydüm".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Təvəkkül 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən cəzaçəkmə müddəti ərzində Abşeron rayonunun hüdudlarından kənara çıxmaq, hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etmək qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Həmçinin təqsirləndirilən şəxsə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb. Bu tələb onun müalicəsi ilə əlaqədar xəstəxanada olduğu hallara şamil edilmir.


