YapiKredi Müraciət Forması
Sənaye və energetika Özəl

"Avropanın qaz bazarında Azərbaycanın şansı artır"

Avropanın qaz bazarında Azərbaycanın şansı artır

Avropa İttifaqının (Aİ) Rusiyadan qaz idxalını tamamilə dayandırmaq qərarı Avropa enerji bazarında yeni dəyişikliklərə səbəb ola bilər. Bu qərar qazın qiymətinə, tədarük balansına və alternativ təchizatçı ölkələrin mövqeyinə təsir göstərəcək. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması üçün də yeni imkanlar yarada bilər.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında bildirib ki, 2027-ci ilin oktyabrından Rusiya qazının Avropa İttifaqına bütün idxalının qadağan edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2025-ci ildə Rusiya qazının Avropa bazarındakı həcmi təxminən 36 milyard kubmetr təşkil edib. 2027-ci ildə isə Avropa İttifaqı ölkələrinin ümumi qaz istehlakının 310-330 milyard kubmetr aralığında olacağı gözlənilir.

İqtisadçı qeyd edib ki, gələn il Avropa İttifaqının əsas qaz təchizatçıları arasında ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və Böyük Britaniyanın yer alacağı proqnozlaşdırılır:

"Gələn il Avropa İttifaqının ehtimal olunan əsas beş qaz təchizatçısı ABŞ (33 faiz), Norveç (30 faiz), Əlcəzair (12 faiz), Azərbaycan (təxminən 5 faiz) və Böyük Britaniya (4,5 faiz) hesab olunur.

Azərbaycan artıq 2025-ci ildən Avropa İttifaqının qaz təminatında ilk beşliyə daxil olub və bu il də mövqeyini qoruyub saxlayır. Gələn il isə daha bir pillə irəliləmək şansı var".

İlham Şabanovun fikrincə, Azərbaycanın Avropanın ümumi qaz bazarındakı payı nisbətən kiçik olsa da, ayrı-ayrı regionlar və ölkələr üçün əhəmiyyəti kifayət qədər böyükdür.

"Azərbaycan qazı Cənub-Şərqi Avropada, o cümlədən İtaliya, Yunanıstan və Bolqarıstanda, Mərkəzi Avropada Macarıstan, Avstriya və Almaniyada, eləcə də Balkan ölkələrində Rusiya qazının əvəzlənməsində mühüm rol oynayır.

Azərbaycan bu ölkələr üçün Rusiya qazının əsas əvəzləyicilərindən biri kimi çıxış edir. LNG-dən fərqli olaraq, boru kəməri ilə tədarük bəzi ölkələri qiymət dalğalanmalarından qismən qoruyur. Buna görə də Azərbaycan sözügedən ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə mühüm təchizatçı qismində çıxış edir", – deyə iqtisadçı vurğulayıb.

Beləliklə, Rusiyadan qaz idxalının dayandırılması Azərbaycanın Avropa bazarında mövqeyini möhkəmləndirmək və ixrac imkanlarını genişləndirmək baxımından yeni perspektivlər yarada bilər. Bununla belə, bu imkanların reallaşması hasilatın artırılması, mövcud nəqliyyat infrastrukturunun imkanları və əlavə qaz həcmlərinin təmin edilməsindən asılı olacaq.

Nuray Paşşanlı

Editor
Redaktor