YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Qonşu ilə tikinti davası: Qanun nə deyir?

Qonşu ilə tikinti davası: Qanun nə deyir?

Qonşular arasında yaranan mübahisələr bəzən tikinti işləri səbəbindən daha da kəskinləşir. Belə ki, bəzi hallarda qonşulardan biri öz evinin qarşısında və ya digərinin ərazisinə bitişik sahədə tikinti apararaq giriş-çıxışı məhdudlaşdırır, digər şəxsin ərazidən sərbəst istifadəsinə mane olur.

Bəs belə hallarda vətəndaşın hansı hüquqları var? Qonşunun tikinti işlərinin qanuniliyini necə müəyyənləşdirmək, qanun pozuntusu aşkarlandıqda isə tikintinin dayandırılmasına nail olmaq mümkündürmü?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a söyləyib ki, qonşunun tikinti apararaq digər şəxsin evinə giriş-çıxışını bağlaması və ya əmlakından istifadəsinə qanunsuz maneə yaratması mülkiyyət hüququnun pozulması hesab edilə bilər.

Qonşu ilə tikinti davası: Qanun nə deyir?

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, mülkiyyətçi əmlakından istifadəyə maneə yaradan hərəkətlərin dayandırılmasını, maneələr davam etdikdə isə onların məhkəmə qaydasında aradan qaldırılmasını tələb edə bilər:

"Belə hallarda qanun pozuntusu torpaq sahəsinin mülkiyyət sənədləri, kadastr məlumatları, tikintiyə icazə sənədləri, təsdiqlənmiş layihə, yerində baxış və zərurət olduqda ekspertiza əsasında müəyyən edilir. Vətəndaş tikintiyə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqana şikayət edə və məhkəməyə müraciət edə bilər.

Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 və 92.4.2-ci maddələrinə əsasən, tikinti tələb olunan icazə və ya digər qanuni əsas olmadan aparıldıqda, yaxud qonşu obyektlərin təhlükəsizliyinə aradan qaldırılması tikinti dayandırılmadan mümkün olmayan təhlükə yaratdıqda səlahiyyətli orqan tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Digər pozuntular üzrə isə 92.1-ci maddəyə əsasən, əvvəlcə onların aradan qaldırılması barədə məcburi yazılı göstəriş verilə bilər.

Nəticə etibarilə, vətəndaş qanunsuz maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb edə bilər. Tikintinin dayandırılması da mümkündür, lakin bunun üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu sübuta yetirilməlidir".

Nuray Paşşanlı