YapiKredi Müraciət Forması
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir

Xalqın milli kimliyini, tarixi köklərini, mədəni irsini və dövlətçilik ənənələrini özündə ehtiva edən azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi əsas çağırışlardan biridir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq bu məsələnin prioritetliyini daha aydın görə bilərik. Ulu Öndərin siyasi xəttində azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi milli birliyin və dövlətçiliyin qorunmasının başlıca istiqamətlərindən biri olub. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri milli birliyin gücünü bir daha nümayiş etdirir. Bununla yanaşı, xarici təsirlərə qarşı dayanıqlılığın artırılması və cəmiyyətdə həmrəyliyin qorunması dövlətçilik baxımından aktual məsələlərdəndir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın coğrafi üstünlüklərindən, ölkələr, xalqlar arasında körpü rolundan, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verməsindən geniş bəhs edərək "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk" söylədi və onu da əlavə etdi ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən milli birliyimizin rolunu xüsusi qeyd edir. 2021-ci ilin may ayında "Xarıbülbül" Musiqi Festivalının açılış mərasimində dövlət başçısı İlham Əliyev bu festivalın uzun fasilədən, 29 ildən sonra yenidən Şuşada-Cıdır düzündə keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bu fikirləri xüsusi qeyd etmişdir ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Bir daha bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur".

Tarixi Zəfərimizin reallıqları fonunda dünya azərbaycanlılarının Qarabağın tacı Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirib qalib Azərbaycanın qarşısında dayanan hədəflərin reallığa çevrilməsində fəal iştiraklarını təmin etmək üçün atacaqları addımları geniş müzakirə etmələri, bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya çatdırmaları da özündə mühüm məqamları ehtiva edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi birliyimizin, həmrəyliyimizin təqdimatında əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsinin simvoluna çevrilən "Dəmir yumruq" həm gücümüzü, həm də birliyimizin nümayişi kimi dəyərləndirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər zaman olduğu kimi, Vətən müharibəsinin gedişi dövründə də həqiqətlərimizin təbliğində xüsusi fəallıq nümayiş etdirdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışı dünya azərbaycanlılarına oldu. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqilliyimizi və suverenliyimizi daim etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birlik tələb edilir. Ümummilli Lider Heydər Əliyevin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrildi. Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri xalqın milli-mənəvi irsinin qorunmasıdır. Xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə sahib çıxması milli kimliyin davamlılığını təmin edir. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasını müasir inkişafla və dünya birliyinə inteqrasiya ilə vəhdətdə nəzərdən keçirirdi. Bu baxımdan azərbaycançılıq həm tarixi irsə bağlılığı, həm də müasir dünyanın çağırışlarına uyğun inkişafı nəzərdə tutan ideoloji konsepsiyadır. Dünya azərbaycanlılarının birliyinin yaradılması, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi öndə saxlanıldı. Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biri xaricdə varlığının təsdiqlənməsidir ki, diaspor işinin yüksək səviyyədə qurulması bu hədəfə öz töhfələrini verir. Ulu Öndərin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi.

Milli Məclisin deputatı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə IV Qurultay keçirildi. 2022-ci ildə Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycan diasporunun müstəqillik tariximizdə qət etdiyi şərəfli yolun, postmünaqişə dövründə onların qarşısında dayanan vəzifələrin təqdimatı oldu. Qeyd etdiyimiz kimi, azərbaycançılıq milli birliyi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə, dövlətə, xalqa bağlılığı özündə təcəssüm etdirir. Dövlət başçısı İlham Əliyev 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirdi ki, azərbaycançılıq ideologiyası, prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri məhz azərbaycançılıq məfkurəsidir. "Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər" söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki hamımız bir amal uğrunda birləşmişik. Hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Bu sahədə çox böyük tarixi nailiyyətlər var. Baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən, gücümüzü qəbul, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrası hazırkı dövrdə yeni, bütövləşən Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsində öz sözünü deyir. İdeoloji mübarizədə üstünlüyümüzü qorumalıyıq. Bu isə öz növbəsində tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımızın daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında diqqəti ideoloji təhlükəsizlik məsələsinə yönəldərək bildirdi ki, bu, fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyə olunması dayanır. Bütün dövrlər üçün aktuallığını qoruyan bu hədəf xüsusi vurğulanır ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

NE
Nihadə Eyyubova