Bakının Yasamal rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti 1054 ünvanında yerləşən "Qrand Həyat" yaşayış kompleksinin zirzəmisindəki avtoyuma məntəqəsində baş verib.
Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Akif gecə saatlarında avtoyuyucu işlədiyi məntəqədə iş yoldaşı Əfsən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Müəyyən edilib ki, Əfsən işdə onu bir neçə saat əvəz etməsini xahiş edib, lakin Akif bununla razılaşmayıb. Nəticədə aralarında mübahisə yaranıb. Mübahisədən irəli gələn şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Akif başı və yumruğu ilə Əfsənin sifət nahiyəsinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Akif barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ondan şikayətinin, eləcə də tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


