Rusiyanın bir sıra bölgələrində siçan qızdırmasına yoluxma hallarının artması narahatlıq doğurur. Son məlumatlara görə, ölkə üzrə 1 512 nəfərdə infeksiya aşkarlanıb.
Demokrat.az xəbər verir ki, yoluxma halları Nijni Novqorod və Saratov vilayətlərində, eləcə də Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikalarında qeydə alınıb.
Mütəxəssislər xəstəliyin yayılmasının əsas səbəblərindən biri kimi payız aylarında gəmiricilərin yaşayış məntəqələrinə, o cümlədən evlərə yaxınlaşmasını göstərirlər. Havaların soyuması ilə siçanlar isti yerlərə sığınmağa çalışır ki, bu da insanların gəmiricilərin ifrazatları ilə təmas ehtimalını artırır.
Xüsusilə bağ evlərinin təmizlənməsi, həyətlərdə və digər ərazilərdə tökülmüş yarpaqların yığışdırılması zamanı yoluxma riski yüksəlir. Belə ki, gəmiricilərin ifrazatları ilə çirklənmiş tozun havaya qalxması infeksiyanın insan orqanizminə daxil olmasına səbəb ola bilər.
Siçan qızdırmasının əsas əlamətləri yüksək hərarət, baş, qarın, bel və əzələ ağrılarıdır. Bəzi hallarda xəstələrdə üz və bədənin yuxarı hissəsində qızartılar da müşahidə olunur.
Həkimlər yoluxma riskini azaltmaq üçün uzun müddət bağlı qalmış məkanları təmizləyərkən qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər. Gəmiricilərə, onların yuvalarına və ifrazatlarına çılpaq əllə toxunmaqdan çəkinmək, təmizlik işlərindən sonra isə əlləri sabunla yaxşı yumaq və dezinfeksiya etmək vacibdir.


