Paşinyan müxalifəti Ermənistanın "forpоst" (Rusiyanın dayaq məntəqəsi - red.) statusunu qoruyub saxlamağa çalışmaqda ittiham edib.
Ermənistanın Baş naziri TRIPP layihəsi, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair müzakirələr zamanı müxalifəti sərt tənqid edib.
"Ermənistan Azərbaycan və ya Türkiyənin hər hansı şəkildə xatırlanması zamanı ölkə daxilində fırtına, zəlzələ və sunami yaradan düşüncə tərzindən uzaqlaşmalıdır. Biz sülh istəyirik, eyni zamanda elə bir ssenari arzulayırıq ki, nəticədə Azərbaycan heç nə əldə etməsin, biz isə hər şeyi qazanaq. Beləmi olmalıdır? Müxalifət – bu 'üçbaşlı müharibə partiyası' – dayanmadan 'Azərbaycan, Türkiyə, Azərbaycan, Türkiyə!' deyə qışqırır",
Demokrat az xəbər verir ki, bunu Paşinyan çərşənbə günü parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan bütün qonşular
– İran, Türkiyə, Gürcüstan və Azərbaycanla normal münasibətlər qura bilmədiyi müddətdə "forpоst" (dayaq məntəqəsi) statusunu saxlamağa davam edəcək.
"Bu insanlar (Rusiyayönümlü müxalifət - red.) Ermənistanın 'forpоst' olaraq qalmasını istəyirlər. Buna nail olmaq üçün onlara sülh lazım deyil. Nəyə görə onlar Ermənistanın 'forpоst' olmasını istəyirlər? Çünki onlar öz pullarını qoruyurlar. Onlara deyilmişdi ki, əgər Ermənistanı 'forpоst'a çevirməsəniz və bu statusu bərpa etməsəniz, dilənçi gününə düşəcəksiniz – sərsərilər kimi. İndi isə, həqiqətən də dilənçi gününə düşdükləri üçün, bu prosesdən özlərini qorumağa çalışırlar", – deyə baş nazir bildirib.
Paşinyan həmçinin Azərbaycanla nəqliyyat əlaqələrinin inkişafına verilən reaksiyanı tənqid edərək, bu prosesə kifayət qədər diqqət yetirilmədiyi fikrini ifadə edib.
"Deyəsən, heç kim fərqinə varmır ki, artıq bir ildən çoxdur ki, Azərbaycandan Ermənistana qatarlar hərəkət edir. Sizcə, bu marşrutu bağlamalıyıqmı?" – deyə o salona sual verib.
Erməni baş nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması "forpost" statusundan xilas olmaq üçün zəruridir.
"Etdiyimiz işdə heç bir gizli məqam yoxdur. Hər şey açıqdır və hər şey aydın şəkildə ortaya qoyulub. Bu insanlar Ermənistana və onun müstəqilliyinə qarşı çıxırlar, çünki dövlət onlara ölkəni talamağa imkan vermir. Onlar elə bir forpost istəyirlər ki, generallar, keçmiş nazirlər, digər vəzifəli şəxslər və oliqarxlar Ermənistanı talaya bilsinlər", – deyə Paşinyan sözlərini bitirib.
Alparslan


