Gömrük orqanı əməkdaşların başqa vəzifələrə keçirilməsi və rotasiya mexanizminin tətbiqi üçün hüquqi baza yaradılacaq.
Demokrat.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, bununla ümumi dövlət qulluğunda formalaşmış prinsiplər əsas götürülməklə, gömrük xidmətinin xüsusi rütbə, ixtisaslaşma, ərazi və xidmətin fasiləsizliyi kimi xüsusiyyətlərinə uyğun ayrıca qaydanın hazırlanması üçün hüquqi əsas yaradılır.
Həmin qayda rotasiyanın vahid meyarlarla, planlı və ardıcıl həyata keçirilməsini təmin etməyə xidmət edəcək.
Qanun layihəsi gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 5.3-cü bəndində dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə dövlət orqanlarının kadr tələbatının təmin edilməsi məqsədilə rotasiyanın tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Strategiyanın həyata keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında da müvafiq normativ mexanizmin yaradılması nəzərdə tutulub.
Rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha geniş istifadə olunmasına, müxtəlif struktur və ərazi bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinə, peşəkar səriştələrin inkişafına və idarəetmə təcrübəsinin vahidləşdirilməsinə xidmət edən kadr idarəçiliyi mexanizmidir. Bu yanaşma beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə edilməsi üzrə yanaşmalarına da uyğundur. Gömrük orqanlarının çoxşaxəli funksiyaları və ərazi strukturlarının müxtəlif iş təcrübəsi rotasiyanın tətbiqini kadr potensialının inkişafı baxımından məqsədəuyğun edir.
Gömrük orqanları dövlət qulluğunun xüsusi növü üzrə fəaliyyət göstərdiyindən həmin siyasətin bu sahədə həyata keçirilməsi gömrük xidmətinin xüsusiyyətlərinə uyğun vəzifələr, xüsusi rütbələr, xidmətin fasiləsizliyi, sərhəd-keçid və gömrük nəzarəti rejimi nəzərə alınmaqla ayrıca hüquqi tənzimləmə tələb edir. Layihə məhz ümumdövlət islahatının bu sektorda məntiqi və ardıcıl davamıdır.
Rotasiya xidməti ehtiyaclardan, vəzifələrin xarakterindən və əməkdaşların peşə keyfiyyətlərindən çıxış edilməklə vəzifəli şəxsin bir vəzifədən digərinə planlı və hüquqi cəhətdən əsaslandırılmış keçirilməsidir.
Gömrük orqanlarında rotasiya mexanizminin formalaşdırılmasının məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsi, yeni səriştələrin formalaşdırılması və müxtəlif vəzifələrdə uzunmüddətli dəyişməzliyin mənfi nəticələrinin qarşısının alınmasıdır.
Layihə ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada verilir, başqa işə keçirilmənin əsasları sistemləşdirilir və rotasiya ayrıca hüquqi əsas kimi müəyyən edilir. Yuxarı vəzifəyə, habelə ailə vəziyyətinə görə keçirilmədə vəzifəli şəxsin razılığı tələbi saxlanılır, digər hallarda yerdəyişmə isə qanunla müəyyən edilən müvafiq əsaslara uyğun həyata keçirilir.
Təklif edilən 53-1-ci maddə rotasiyanın keçirilməsi qaydasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Bununla ümumi dövlət qulluğunda formalaşmış prinsiplər əsas götürülməklə, gömrük xidmətinin xüsusi rütbə, ixtisaslaşma, ərazi və xidmətin fasiləsizliyi kimi xüsusiyyətlərinə uyğun ayrıca qaydanın hazırlanması üçün hüquqi əsas yaradılır. Həmin qayda rotasiyanın vahid meyarlarla, planlı və ardıcıl həyata keçirilməsini təmin etməyə xidmət edəcək.
Beləliklə, layihənin qəbulu Azərbaycan Respublikası Prezidentinin dövlət qulluğunun inkişafı sahəsində müəyyən etdiyi strateji hədəflərin gömrük orqanlarında həyata keçirilməsinə, kadrların qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə, peşəkarlığın artırılmasına və xidmətin təşkilinin təkmilləşdirilməsinə hüquqi zəmin yaradacaq. (oxu.az)


