Mərkəzi Bankın sədri Taleh Kazımov sahibkar olmayan şəxsin bank kartına gün ərzində 5 dəfə pul köçürülməsini normal hal hesab etmədiyini bildirib. Əlavə ehtiyacı olan müştərilərin müraciəti qiymətləndirilərək limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın verilməsinə də aiddir.
Bəs dostlar arasındakı ad günü yığımları və ya birgə yemək xərcləri kimi şəxsi köçürmələr bu qaydadan necə fərqləndiriləcək və vətəndaşlar üçün hansısa məhdudiyyət yaranacaqmı?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Taleh Kazımovun keçirdiyi görüşdə ən çox müzakirə olunan məsələlərdən biri bank kartlarına gün ərzində 5 dəfə pul köçürülməsi limiti ilə bağlı idi:

"Görüş zamanı da bildirildi ki, gündəlik 5 köçürmə limiti Mərkəzi Bank tərəfindən müəyyən edilmiş inzibati məhdudiyyət deyil. Bu, banklar arasında razılaşdırılmış ortaq yanaşma əsasında tətbiq olunan qaydadır. Mərkəzi Bank isə bank sektorunda bu prosesə nəzarət edir. Vətəndaşların diqqətinə çatdırmaq istəyirəm ki, gündəlik 5 köçürmə limiti dəyişdirilməz hədd deyil. Əgər şəxsin gündəlik maliyyə əməliyyatları bu saydan çoxdursa, o, əsaslandırılmış müraciətlə öz bankına üz tutaraq limitin artırılmasını xahiş edə bilər. Bank müştərinin ehtiyacını və əməliyyatlarının xarakterini qiymətləndirərək müvafiq qərar verə bilər. Məsələn, bəzi şəxslərin ailə üzvləri, dostları və yaxınları arasında müntəzəm pul köçürmələrinə ehtiyacı olur. Belə əməliyyatlar avtomatik olaraq sahibkarlıq fəaliyyəti və ya qanun pozuntusu kimi qiymətləndirilmir. Bank kartına mütəmadi olaraq çoxsaylı şəxslərdən pul daxil olduqda bank həmin əməliyyatların mahiyyəti ilə maraqlana və əlavə məlumat tələb edə bilər. Vətəndaş daxil olan vəsaitlərin şəxsi münasibətlər, ailə ehtiyacları, borcun qaytarılması və ya hər hansı tədbirin təşkili ilə bağlı olduğunu izah edə bilər. Əgər pul köçürmələri mal və xidmət satışından əldə edilən gəlirlərlə bağlıdırsa, bu zaman sahibkarlıq fəaliyyətinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi məsələsi də gündəmə gəlir. Gündəlik 5 köçürmə limiti şəxsin ehtiyaclarını qarşılamırsa, mənim tövsiyəm öz bankına müraciət etməsidir. Müraciət zamanı əlavə limitə hansı səbəbdən ehtiyac yarandığını, köçürmələrin məqsədini və təxmini həcmini izah etmək kifayətdir. Zərurət yarandıqda bank əlavə məlumat və təsdiqedici sənədlər tələb edə bilər. Müştərinin müraciəti bank tərəfindən qiymətləndirilir və limitin artırılması ilə bağlı qərar qəbul olunur".
İqtisadçı bankların bu proseduru müştərilər üçün aydın və əlçatan etməsinin də vacib olduğunu deyib:
"Vətəndaş müraciəti hansı formada təqdim edəcəyini, hansı məlumatların tələb olunduğunu və müraciətə nə vaxt baxılacağını bilməlidir. Limitin artırılması üçün müraciətin mobil tətbiq və ya internet bankçılıq vasitəsilə həyata keçirilməsi də müştərilərin işini asanlaşdıra bilər. Bank əməliyyatlarına nəzarət maliyyə şəffaflığının artırılması, qanunsuz pul dövriyyəsinin və vergidən yayınma hallarının qarşısının alınması baxımından əhəmiyyətlidir. Banklar müştərilərin əməliyyatlarını qiymətləndirərkən şəxsi köçürmələrlə kommersiya xarakterli daxilolmaları düzgün fərqləndirməlidirlər. Vətəndaşların gündəlik maliyyə əməliyyatları ilə bağlı əlavə narahatlıq yaşamaması da nəzərə alınmalıdır. İnsanlar ailə üzvlərinə, dostlarına və yaxınlarına pul göndərmək, onlardan pul qəbul etmək imkanından rahat istifadə etməlidirlər. Bank nəzarəti qanuni əməliyyatların qarşısını almamalı, müştərilərin fərdi ehtiyaclarına uyğun çevik yanaşma təmin etməlidir".


