Türkiyəli məşhur aktyor Kadir İnanırın vəfatından sonra başlayan miras və vəsiyyətnamə mübahisələri səngimək bilmir. Aktyorun həyat yoldaşı Jülide Kural ilə bacısı oğlu Levent İnanır arasında qarşılıqlı ittihamlar davam edir. Levent İnanır bu dəfə ailə torpaqları, bahalı zinət əşyaları və aktyorun sərvəti ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Demokrat.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Kadir İnanırın 2015-ci ildə bir, 2022-ci ildə isə notarius vasitəsilə iki ayrı vəsiyyətnamə hazırladığı bildirilir. Lakin bəzi vərəsələrə məhkəmə bildirişlərinin çatdırılmaması səbəbindən vəsiyyətnamələrin açılması ilə bağlı proses dekabrın 17-nə təxirə salınıb.
Levent İnanır dayısının son illərdə ağır müalicə aldığını, qəbul etdiyi dərmanların onun davranışına təsir göstərdiyini iddia edib. O, vəsiyyətnamələrin bir neçə dəfə dəyişdirilməsini şübhəli hesab etdiyini bildirib. İnanırın sözlərinə görə, Kadir İnanır sağlığında bəzi əmlaklarının idarə olunmasını ona həvalə etmək niyyətində olduğunu da deyib.
Mübahisənin digər tərəfi aktyorun sərvəti ilə bağlıdır. Levent İnanır dayısının ümumi var-dövlətinin təxminən 5 milyon dollar olduğunu iddia edib. Jülide Kural isə daha əvvəl bu iddiaları təkzib edərək aktyorun əmlakının birlikdə yaşadıqları ev, üç köhnə avtomobil və bank hesabındakı müəyyən məbləğdən ibarət olduğunu açıqlamışdı.
Ailə arasında Ordu vilayətinin Fatsa rayonunda yerləşən, təxminən 200 illik olduğu bildirilən ata-baba torpaqları ilə bağlı da mübahisə yaşanıb. Jülide Kural həmin ərazilərə iddiasının olmadığını və torpaqların Kadir İnanırın bacısı qızı Gül Bakara verilməsini təklif etdiyini bildirib. Levent İnanır bu qərarı müsbət qarşılayaraq ailə torpaqlarının nəsildə qalmasından məmnun olduğunu deyib.
Bununla yanaşı, Levent İnanır dayısına məxsus olduğunu iddia etdiyi "Patek Philippe" saatlarının, qızıl "Rolex"in, üzüklərin və qızıl alışqanın taleyinin naməlum olduğunu söyləyib. Onun sözlərinə görə, məhkəmənin əmlaka həbs qoyulması barədə qərarından sonra evdə və seyfdə axtarılan həmin əşyalar tapılmayıb.
Tərəflər arasında Kuralın Kadir İnanırın ölümündən sonra Bodruma getməsi və münasibətlərində nikah məsələsi ilə bağlı da fikir ayrılığı yaranıb. Levent İnanır onun evlilik təklifi etdiyini, aktyorun isə bunu qəbul etmədiyini iddia edib. Kural isə münasibətlərinin hüquqi statusdan deyil, sevgi və qarşılıqlı etibardan qaynaqlandığını bildirmişdi.
Levent İnanır sosial şəbəkələrdə ona qarşı təşkilatlanmış hücumlar olduğunu da irəli sürüb. O, hüquqi müstəvidə mübarizə aparacağını vurğulayaraq, "Trolları üstümə salmaqla məni susdura bilməzlər. Həqiqətləri trollarla ört-basdır etmək mümkün deyil", - deyə bildirib.
Qeyd edək ki, Jülide Kural da onun barəsində səsləndirilən iddialarla bağlı hüquqi addımlar atacağını açıqlayıb. Hazırda diqqətlər dekabrın 17-də keçirilməsi planlaşdırılan vəsiyyətnamə məhkəməsinə yönəlib.
Jalə


