Millət vəkili Hikmət Babaoğlu yerli mediaya açıqlamasında "rayon" sözünün milli-tarixi köklərimizə daha yaxın olan başqa bir terminlə əvəz edilməsinin mümkünlüyünü vurğulayıb. O bildirib ki, Azərbaycanın inzibati-ərazi vahidlərinin adlandırılmasında "rayon" termini əvəzinə qədim "oymaq" sözünün işlədilməsi dilimizə qayıdış baxımından müsbət addım ola bilər.
Belə bir dəyişikliyə həqiqətən ehtiyac varmı?
Dilçi alim, akademik Nizami Cəfərov Demokrat.az-a açıqlamasında millət vəkili, professor Hikmət Babaoğlunun heç vaxt təsadüfi fikir səsləndirmədiyini bildirib:
"Onun irəli sürdüyü təkliflər də milli tarixi köklərimizə qayıdış, ümumilikdə, milli özünüdərk prosesinin daha düzgün istiqamətdə inkişafı ilə bağlı olur. Rayon sözünün dəyişdirilməsi ilə bağlı təklifi də maraqlıdır. Əlbəttə, "rayon" bizim sözümüz deyil və ola bilsin ki, onun dəyişdirilməsinə ehtiyac var. Amma indi bu sözün əvəzinə "oymaq" sözü işlədilməlidirmi? "Oymaq" da yaxşı sözdür, işlədilməsi mümkün olan variantlardan biridir. Başqa sözlər də təklif etmək olar. Ancaq düşünürəm ki, burada coğrafi miqyası mümkün qədər daha geniş götürmək lazımdır. Nəyi nəzərdə tuturam? Bu gün Türk Dövlətləri Təşkilatı var və inkişaf edir. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə inteqrasiya prosesləri gedir. Yəqin ki, Hikmət Babaoğlunun özü üçün də maraqlı olar ki, inzibati quruluşla bağlı məsələlərdə türk dünyası üzrə eyni prinsiplərdən çıxış edək. Necə ki, əlifba və terminologiya məsələləri müzakirə olunur, bu məsələni də müzakirəyə çıxarmaq olar".
Onun sözlərinə görə, postsovet məkanında əsasən "rayon" sözü işlədilir, bəzi yerlərdə isə başqa adlardan istifadə olunur:
"İnzibati bölgüdə müxtəlif iyerarxik səviyyələr mövcuddur. Məsələn, daim müstəqil olmuş Türkiyədə bizim rayon dediyimiz inzibati ərazi vahidinə "ilçə" deyirlər. Rayondan daha böyük ərazi vahidi "mahal", ondan da böyük inzibati vahid isə "il" adlanır. Yəni bu cür fərqləndirmələr və adlandırmalar mövcuddur. Əgər Azərbaycanda müstəqil şəkildə "rayon" sözünü dəyişmək istəyiriksə, bu məsələ mütləq müzakirəyə çıxarılmalıdır. Çünki bu, təsadüfi qərar deyil. Ola bilər ki, "oymaq" sözü ölkəmizin bir regionunda o qədər də işlək olmasın və cəmiyyət tərəfindən geniş qəbul edilməsin, amma Azərbaycanın başqa bölgələrində, xüsusilə də bədii ifadə kimi kifayət qədər populyardır. Bunu bilirik. Lakin həmin sözün inzibati termin kimi qəbul edilməsi və populyarlaşdırılması tamam başqa məsələdir. Ona görə də bu, hərtərəfli müzakirə olunmalıdır. Eyni zamanda düşünürəm ki, məsələyə ümumilikdə türk dövlətləri miqyasında yanaşılması daha məqsədəuyğun olardı".


