Azərbaycanda qadınların avtomobil idarə etməyə marağı ildən-ilə artır. Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Belə ki, 2025-ci ildə sürücülük vəsiqəsi alan hər 5 nəfərdən biri qadın olub. Ötən il ümumilikdə 350 175 nəfər sürücülük vəsiqəsi əldə edib ki, onların 65 696-sı qadınların payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə cəmi 6 187 qadın sürücülük vəsiqəsi almışdı.
Bu tendensiya qadınların cəmiyyətdəki sosial mövqeyinin, müstəqillik və sərbəstlik anlayışının dəyişməsinin göstəricisidirmi?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, qadınların avtomobil idarə etməsi müsbət tendensiya kimi qiymətləndirilməlidir:
"Əgər bu sahədə artım varsa, deməli, tələbat da var. İnsanlar müəyyən mənada gender stereotiplərini aradan qaldırır, qadınların avtomobil idarə etməsində qeyri-adi heç nəyin olmadığını anlayırlar. Hətta ən mühafizəkar ailələr belə artıq bu məsələyə müsbət yanaşırlar. Qadınlar da kişilər kimi zəruri sürücülük bacarıqlarına yiyələnməlidirlər ki, ehtiyac yarandıqda, hər hansı işə və ya fəaliyyətə tələsərkən avtomobildən normal şəkildə istifadə edə bilsinlər. Bunun yalnız faydası var. Mənfi məqam isə avtomobillərin sayının artması ilə nəqliyyat sıxlığının, tıxacların, gözləmələrin və bəzi hallarda qəza vəziyyətlərinin çoxalmasıdır. Təbii ki, qadınlar da kişilərlə bərabər səviyyədə avtomobildən istifadə etdikcə, bu risklərdə onların iştirak payı da artır. Yəni istifadəçilərin sayı artdıqca risklər də hər iki tərəf arasında bölüşdürülür. Bu məqamı da nəzərə almaq lazımdır. Digər tərəfdən, xanımlar avtomobillərə daha səliqəli, həssas və diqqətli yanaşırlar. Bu, onların üstün cəhətlərindən biridir və avtomobildən istifadə zamanı müəyyən üstünlük yaradır. Eyni zamanda, qadınların avtomobildən istifadəsi onların sosial-mədəni mövqeyinin güclənməsi, yeni texnoloji imkanlardan yararlanması və cəmiyyətdə rolunun artması baxımından da əhəmiyyətlidir. Bu baxımdan, statistik göstəricilərin müqayisəli şəkildə aparılması məqsədəuyğundur. Belə müqayisələrdə müsbət meyillər açıq şəkildə görünür.
Düşünürəm ki, müstəqillik avtomobil idarə etməklə bağlı deyil, bu, daha çox şəxsi keyfiyyətlərə aid məsələdir. Qadınlar avtomobil idarə etməklə avtomatik olaraq daha müstəqil olmurlar. Baxmayaraq ki, bəziləri avtomobilə sahib olmağı müstəqilliyin bir atributu kimi qəbul edə bilər. Avtomobil əldə etmək insanın şəxsi etibarının və imkanlarının göstəricisi kimi də qiymətləndirilə bilər. Yaxınları, qohumları, valideynləri, qardaşları və digər ətrafı da qadınların avtomobil idarə etməsini müsbət amil kimi dəyərləndirirlər. Statistikaya nəzər salsaq, 2008-ci illə müqayisədə qadınların sürücülük vəsiqəsi əldə etməsində təxminən 11 dəfəyə yaxın artım var. Belə ki, 2008-ci ildə 6 187 qadın sürücülük vəsiqəsi əldə etdiyi halda, 2026-cı ildə bu rəqəm 65 696 nəfərə çatıb. Bu, kifayət qədər ciddi artımdır.
Ümumilikdə, həmin müddətdə qadın sürücülərin sayında da 200 mindən çox artım qeydə alınıb. Bu baxımdan, hazırkı göstəricilər qadınlar üçün kifayət qədər müsbət və proqressiv nəticədir".
Naib Niftəliyev gələcəkdə bu tendensiyanın daha da güclənəcəyini və qadınlarla kişilərin avtomobildən istifadə göstəriciləri tədricən bərabərləşməyə doğru gedəcəyini qeyd edib:
"Bunu bərabərliyin nümunələrindən biri kimi də qiymətləndirmək olar. Azərbaycan cəmiyyətində qadınların avtomobil idarə etməsinə, işləməsinə və ictimai həyatda iştirakına ciddi məhdudiyyətlər yoxdur. Əksinə, bu istiqamətdə təşviqedici yanaşma mövcuddur. Artıq qadınlar bir sıra fəaliyyət sahələrində kişilərlə müqayisədə daha yüksək göstəricilərə malikdirlər. Dövlət qulluğunda çalışanların 60 faizdən çoxunun qadınlar olması, Milli Məclisdə və digər dövlət strukturlarında qadınların təmsilçiliyinin, rəhbər vəzifələrdə iştirakının artması da bunu təsdiqləyir. Qadınların əmək fəaliyyətində iştirakının genişlənməsi onların avtomobil əldə etmək və ondan istifadə etmək istəyinə də təsir göstərən amillərdəndir. Gələcəkdə qadınların əmək fəaliyyətində iştirak göstəriciləri müxtəlif istiqamətlər üzrə yaxşılaşdıqca, avtomobildən istifadə səviyyələri də artacaq. Hətta qarşıdakı 30 il ərzində qadınların avtomobildən istifadə göstəricilərinin kişilərin göstəricilərinə yaxınlaşması mümkündür. Bu, ilkin statistik və sosioloji müşahidələrə əsaslanan qənaətdir və düşünürəm ki, bunu əsaslandıran kifayət qədər amil var. Sadəcə, burada bir məqama da diqqət yetirmək lazımdır. Kişilərin avtomobildən istifadəsi zamanı bəzi hallarda sərt davranış, etikadan kənar ifadələrin işlədilməsi, yolda digər sürücülərə qarşı aqressiv münasibət və siqnaldan yersiz istifadə kimi hallara rast gəlinir.
Düşünürəm ki, qadınların avtomobildən istifadəsinin artması yol hərəkətində etik davranış mədəniyyətinin də yaxşılaşmasına müsbət təsir göstərə bilər. Çünki xanımlar bu məsələlərə daha çox önəm verirlər. Hər bir halda, qadınların avtomobildən istifadəsinin artması müsbət və faydalı tendensiyadır".


