Millət vəkili Hikmət Babaoğlu yerli mediaya açıqlamasında Azərbaycanda inzibati ərazi vahidlərinin adlandırılmasında "rayon" sözünün əvəzinə milli-tarixi köklərimizə uyğun başqa bir terminin işlədilməsini təklif edib. Onun fikrincə, qədim "oymaq" sözünün bu məqsədlə istifadəsi dilimizin tarixi köklərinə qayıdış baxımından əhəmiyyətli ola bilər.
Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev isə hazırda "rayon" sözünün "oymaq" sözü ilə əvəzlənməsinə ehtiyac olmadığını bildirib:
"Əminliklə deyə bilərəm ki, hazırda "rayon" sözünün "oymaq" sözü ilə əvəzlənməsinə ehtiyac yoxdur. Dilimizin tarixi köklərinə qayıtmaq, qədim sözlərimizi qorumaq və gündəlik istifadəyə qaytarmaq, əlbəttə ki, müsbət yanaşmadır. Ancaq hər tarixi söz müasir dövlət idarəçiliyində işlədilən inzibati terminlə əvəzlənməli deyil. "Rayon" sözü artıq uzun illərdir dövlət idarəçiliyində, qanunvericilikdə, rəsmi sənədlərdə və ictimai münasibətlərdə oturuşmuş termindir. Cəmiyyət bu anlayışı qəbul edib və onun mənasını aydın şəkildə başa düşür. "Oymaq" isə öz tarixi, etnoqrafik və dilçilik mənasına malik sözdür. Bu iki anlayışın eyni məzmun daşıdığını söyləmək də doğru olmaz".
Deputatın sözlərinə görə, bu gün Azərbaycanın qarşısında daha ciddi və aktual məsələlər dayanır:
"Rayonların iqtisadi imkanlarının genişləndirilməsi, yerli idarəetmənin təkmilləşdirilməsi, regionlarda məşğulluğun artırılması və insanların sosial problemlərinin həlli daha çox diqqət tələb edir. Dilimizə qayğı göstərmək yalnız terminləri dəyişməklə ölçülmür. Əsas məsələ Azərbaycan dilinin nüfuzunu qorumaq, onu elm, təhsil, texnologiya və dövlət idarəçiliyinin bütün sahələrində daha da inkişaf etdirməkdir. Ona görə də "rayon" sözünün dəyişdirilməsini zəruri hesab etmirəm. Tarixi sözlərimizi yaşatmaq lazımdır, amma bunu inzibati terminologiyada süni dəyişikliklər etmədən də həyata keçirmək mümkündür".


