Müğənni Zenfira İbrahimova həmkarı Ofelya Şabanovanın "O Ses Türkiye" yarışması ilə bağlı açıqlamasına etiraz edib. Ofelya Şabanova yarışmada iştirak etmək üçün maddi imkanın vacib olduğunu, lakin sənətini pula satmaq istəmədiyini bildirib. Bu fikirlərə münasibət bildirən Zenfira İbrahimova isə yarışmanın iştirakçıları pulla qəbul etmədiyini vurğulayaraq həmkarının açıqlamasını yanlış hesab etdiyini deyib.
Ofelya Şabanova bu barədə Demokrat.az-a açıqlamasında Zenfira İbrahimovanın sevdiyi ifaçılardan biri olduğunu bildirib:
"İlk növbədə, fikirlərimə münasibət bildirməyinə hörmətlə yanaşıram. Lakin görünür, demək istədiklərim tam olaraq anlaşılmayıb. Mən heç vaxt "O Ses Türkiye" yarışmasında bütün iştirakçıların pulla qəbul edildiyini iddia etməmişəm. Sadəcə, öz başıma gələnləri danışmışam. Təxminən 4-5 il əvvəl Bakıda müəyyən bir ünvanda "O Ses Türkiye" yarışması üçün seçimlər keçirilirdi. Mən də həmin seçimlərdə iştirak etdim. İfamı dinlədilər, qiymətləndirdilər və "Çox gözəl ifa etdiniz, zəngimizi gözləyin" dedilər. Təxminən üç gün sonra mənə zəng gəldi və yarışmaya qəbul olunduğumu bildirdilər. Lakin bunun üçün 3000 manat ödəniş etməli olduğumu, turlar başa çatana qədər Türkiyədə otel xərcləri üçün də əlavə 3000 manat ödəməli olduğumu söylədilər. Təyyarə biletinin kim tərəfindən alınacağını soruşduqda isə özümün almalı olduğumu bildirdilər. Mən elə həmin an yarışmada iştirak etməkdən imtina etdim. Düşündüm ki, təxminən 10 min manata yaxın vəsaiti niyə xərcləməliyəm? Gedib orada ifa edəcəyəm, üstəlik, bunun üçün özüm pul ödəyəcəyəm. Bu səbəbdən verilişdə "Mən sənətimi pula satmaram" dedim".
Ofelya Şabanova qeyd edib ki, bu sözlərlə sənət yolunu və sənətə olan münasibətini ifadə edib:
"Allahın bizə bəxş etdiyi səsi sənətimiz vasitəsilə insanlara çatdırır və bunun qarşılığında pul qazanırıq. Kimsə "O Ses Türkiye" yarışmasında heç bir ödəniş etmədən iştirak edibsə, nə xoş! Təki Azərbaycanın istedadlı insanları başqa ölkələrdə də ölkəmizi layiqincə təmsil etsinlər. Mənim demək istədiyim başqa məqamdır: sənətçinin tanınması, səsini və istedadını geniş auditoriyaya çatdırması üçün bəzən maddi imkanlar da rol oynayır. Bu isə konkret olaraq hansısa yarışmanın iştirakçıları pulla qəbul etməsi demək deyil. Şou-biznesdə elə bir nümayəndə yoxdur ki, tanınma yolunda heç bir maddi xərc çəkmədiyini desin. Kiminsə bunu iddia etməsi, məncə, həqiqəti əks etdirmir. Sözlərimi başqa məcraya yönəltməkdənsə, nə demək istədiyimi dəqiqləşdirmək daha doğru olardı. Bir məqamı da açıq şəkildə bildirmək istəyirəm: mənim sənətimə, səsimə və istedadıma qiymət vermək heç kimin ixtiyarında deyil. Mən bu sənətə zəhmətimlə, istedadımla və illərin əziyyəti ilə gəlmişəm. Heç vaxt sənətimi pula dəyişməmişəm və bundan sonra da belə bir niyyətim yoxdur. Zenfira xanımın öz fikri ola bilər, mənim də öz fikrimi ifadə etmək haqqım var. Fərqli düşünmək mümkündür. Ancaq bir sənətçinin sözlərini yanlış yozaraq onu haqsız mövqedə göstərmək düzgün deyil. Mən heç kimin sənətinə kölgə salmaq niyyətində deyiləm. Eyni zamanda, öz sənətimə də kölgə salınmasına imkan vermərəm. Mənim üçün əsas olan kiminsə məni bəyənməsi deyil, dediyim sözlərin arxasında dayanan mənanın düzgün anlaşılmasıdır. Hər kəs öz sənətinə və öz yoluna cavabdehdir. Mən də öz yolumla davam edirəm!"


