"Telekommunikasiya xidmətlərinin "standartları" əvəzinə "keyfiyyət göstəriciləri" anlayışı tətbiq edilir. Bu göstəricilər öz növbəsində ölçülə bilən və yoxlanıla bilən meyarlardır. Ona görə də dəyişikliyin tənzimləmənin predmetini daha dəqiq əks etdirəcəyini düşünürəm və layihəni dəstəkləyirəm".
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, birinci olaraq, qanunda "keyfiyyət göstəriciləri" anlayışının izahı verilməlidir:
"Bu, sürəti, əlçatanlığı, əlaqənin fasiləsizliyini və nasazlığın aradan qaldırılma müddətini əhatə etməlidir. Belə olduqda terminin necə başa düşüləcəyi ilə bağlı mübahisə yaranmaz.
İkincisi, operatorların və provayderlərin vəzifələri genişləndirilməlidir. Yəni, operatorlar keyfiyyət göstəricilərini ölçməli və nəticələr barədə müvafiq qurumun müəyyən etdiyi qaydada hesabat verməlidir. Qurum tələb etdikdə isə yoxlama üçün lazım olan məlumatları təqdim etməlidirlər.
Üçüncüsü, abunəçilərin hüquqları gücləndirilməlidir. Operatorlar, provayderlər tarifləri və xidmətin keyfiyyət göstəricilərini açıq və anlaşılan formada dərc etməlidir. Şikayətlərə müəyyən edilmiş müddətdə baxılmalı, planlı işlər barədə abunəçilər qabaqcadan xəbərdar edilməlidir. Göstəricilər pozulduqda isə ödənişin azaldılması və ya geri qaytarılması mexanizmi olmalıdır.
Dördüncüsü, müvafiq qurumun səlahiyyətləri dəqiqləşdirilməlidir. Qurum müstəqil ölçmələr apara bilməli və pozuntu aşkar edəndə məcburi göstəriş verməlidir. Göstəricilər müəyyən ediləndə operatorlarla və ictimaiyyətlə məsləhətləşmələr aparmalıdır.
Bu təkliflərin məqsədi operatorlara əlavə yük yaratmaq deyil, məqsəd xidmətin keyfiyyətini ölçülə bilən etmək, nəzarəti şəffaflaşdırmaq eyni zamanda vətəndaşların və həm də operatorların hüquqlarını qorumaqdır.
Layihənin ikinci oxunuşda qəbul edilməsini və təklif etdiyim əlavələrin nəzərə alınmasını xahiş edirəm".


