ABŞ Yaxın Şərqə hərbi qüvvə və hava hücumundan müdafiə vasitələrinin daşınmasını davam etdirir.
İsrailin "Kan" telekanalının məlumatına görə, oktyabrın 29-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10 hərbi-nəqliyyat təyyarəsi ölkənin cənubundakı Uvda və Nevatim aviabazalarına eniş edib.
Məlumata əsasən, təyyarələr ABŞ-ın Texas ştatında yerləşən Fort-Bliss hərbi bazasından yola düşüb. Həmin baza hava hücumundan müdafiə sahəsində ixtisaslaşmış iri hərbi mərkəzlərdən biri hesab olunur.
Monitorinq resurslarının məlumatına görə, təyyarələrin bir qismi İsrailə çatmazdan əvvəl Almaniyadakı Ramştayn aviabazasında aralıq eniş edib.
Təyyarələrdə hava hücumundan müdafiə sistemləri üçün raket ələkeçiricilərinin və digər komponentlərin olduğu ehtimal edilir.
Mənbələrin bildirdiyinə görə, bu daşınma ehtiyatların artırılması və İsraildə əlavə "Patriot" hava hücumundan müdafiə komplekslərinin yerləşdirilməsi ilə bağlı ola bilər.
Qeyd edək ki, ABŞ-ın bu addımı Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək istiqamətində atdığı addımlar fonunda baş verir.


