YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

"Avropa bir tərəfdən Rusiyanı tənqid edir, digər tərəfdən onun qazını alır"

Avropa bir tərəfdən Rusiyanı tənqid edir, digər tərəfdən onun qazını alır

Avropa İttifaqı təbii qazın 1000 kubmetrinin qiyməti 100 avronu ötməsinə baxmayaraq, Rusiyadan qaz idxalına qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil. Hazırda Avropa İttifaqının ümumi qaz tələbatının təxminən 15-19 faizi Rusiya qazı hesabına təmin olunur. Belə ki, 2026-cı ilin əvvəlindən indiyədək Avropa İttifaqının ümumi qaz tələbatında Rusiya qazının payı 15,3 faiz təşkil edib. Lakin 2027-ci il yanvarın 1-dən etibarən Aİ Rusiyadan qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.

Avropa Rusiyadan idxal etdiyi qazı hansı mənbələr hesabına əvəz edə bilər? Bu vəziyyət Azərbaycanın Avropaya qaz ixracını artırması üçün hansı imkanları yaradır?

Milli Məclisin dörd çağırış deputatı (lll, lV, V, Vl), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Demokrat.az-a açıqlamasında söyləyib ki, Avropa ölkələri və bütövlükdə Avropa İttifaqı son günlər ABŞ prezidentini Rusiyanın dizel yanacağı ilə bağlı siyasətinə görə kifayət qədər sərt şəkildə tənqid edirlər:

"İddia olunur ki, ABŞ-nin bu addımı Rusiyaya imkan yaradır ki, dizel yanacağını dünya bazarına yenidən çıxarsın. Halbuki məsələni bir qədər fərqli qiymətləndirmək lazımdır. Rusiyadan dünya bazarına 300 min, 500 min və ya 1 milyon ton dizel yanacağının çıxarılması o qədər də ciddi təsir göstərə bilməz. Çünki söhbət dünya bazarından gedir. Hətta bu həcmin hamısının ABŞ bazarına yönəldildiyini fərz etsək belə, 300 min ton dizel yanacağı Amerika bazarının cəmi bir günlük, yaxud bir gün yarımlıq tələbatına bərabərdir. Bu baxımdan həmin həcmin qiymətlərə təsiri də çox cüzi, bir neçə sent səviyyəsində ola bilər. Maraqlı məqam isə ondan ibarətdir ki, Avropa bu məsələyə görə ABŞ prezidentini tənqid etsə də, özünün enerji siyasətindəki ziddiyyətləri nəzərə almır. Necə deyərlər, başqasının gözündə çöpü görür, öz gözündə tiri görmür. Məsələn, açıq mətbuatda yer alan məlumatlara görə, təkcə 2026-cı ildə Avropa İttifaqı Rusiya mənşəli qaz və neft məhsullarına görə təxminən 7,9 milyard avro vəsait ödəyib. Düzdür, bu məhsullar birbaşa Rusiyadan alınmayıb. Hindistan, ərəb ölkələri, Çin və digər dövlətlərin şirkətləri vasitəsilə tədarük edilib. Lakin məhsulun mənşəyi Rusiyadır. Yəni Avropa bir tərəfdən Rusiyadan enerji asılılığını azaltdığını bəyan edir, digər tərəfdən isə dolayı yollarla Rusiya mənşəli enerji resurslarını almaqda davam edir. Bu, mənim üçün ciddi paradoksdur. Hamı bunu bilir, amma eyni zamanda Trampı bu formada tənqid edir. İkinci məsələ Avropanın ümumi qaz tələbatı ilə bağlıdır. Səhv etmirəmsə, Avropa ölkələrinin illik qaz tələbatı təxminən 550-600 milyard kubmetr təşkil edir. Bu rəqəm əvvəllər dəfələrlə səsləndirilib və hazırda 5-10 milyard kubmetr fərq ola bilər. Vaxtilə bu tələbatın böyük hissəsini Rusiya qazı hesabına ödəyirdilər. Bu gün də Avropanın qaz tələbatı aradan qalxmayıb, sadəcə olaraq həmin tələbatın bir hissəsi başqa mənbələr hesabına təmin edilir. Avropa ölkələri hazırda ABŞ-dən sıxılmış təbii qaz (LNG) idxal edirlər. Lakin bu qazın qiyməti ənənəvi boru kəməri qazı ilə müqayisədə orta hesabla 2,5-3 dəfə yüksəkdir. Nəticədə Rusiya qazından imtina edildikdən sonra Avropa ölkələrinin enerji xərcləri əhəmiyyətli dərəcədə artıb. Ayrı-ayrı hesablamalara görə, bu artım bəzi göstəricilər üzrə 300 faizə qədər çatıb. Bu, sadə iqtisadi hesablamalarla da izah edilə bilən məsələdir. Enerji xərclərinin artması, təbii ki, inflyasiyaya da təsir göstərib. Son 4-5 ildə, xüsusilə müharibənin başladığı dövrdən sonra Avropa ölkələrində inflyasiya ciddi problemə çevrilib. Açıq statistik məlumatlarda Almaniyada inflyasiyanın 4,7 faizə çatdığı da göstərilib. Almaniya Avropanın iqtisadi baxımdan əsas ölkəsidir, onun iqtisadiyyatı bütövlükdə Avropa iqtisadiyyatında mühüm paya malikdir. Buna görə də Almaniyada baş verən iqtisadi problemlər digər Avropa ölkələrinə də təsirsiz ötüşmür".

İqtisadçının sözlərinə görə, digər tərəfdən, Almaniyanın enerji siyasətində vaxtilə verdiyi qərarların da bugünkü vəziyyətə təsiri var:

"Təxminən 7-8 il əvvəl Almaniya nüvə enerjisindən istifadədən tamamilə imtina etmək qərarı verdi. Həmin dövrdə Yaşıllar Partiyasının güclü mövqeyi, eləcə də Yaponiyada nüvə elektrik stansiyasında baş vermiş böyük qəza bu qərarın qəbul edilməsinə təsir göstərdi. Almaniya nüvə enerjisindən imtina etdi və bu gün həmin qərarın iqtisadi nəticələri ilə üzləşir. Enerji daşıyıcılarının qiymətləri yüksəldi, enerji təminatı ilə bağlı problemlər yarandı və bu, Almaniya iqtisadiyyatına əlavə yük gətirdi. Halbuki qonşu Fransada elektrik enerjisinin əsas mənbələrindən biri atom enerjisidir və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 70 faizi nüvə enerjisinin payına düşür. Bu baxımdan Fransa ilə Almaniyanın enerji siyasətini müqayisə etmək kifayət qədər maraqlıdır. Almaniyada yaşanan iqtisadi çətinliklər, iqtisadi artımın zəifləməsi və enerji qiymətlərinin yüksəlməsi ölkədə siyasi proseslərə də təsir göstərir. Son illərdə bəzi federal torpaqlarda ifrat sağçı partiyaların seçkilərdə uğur qazanmasının səbəblərindən biri də məhz mövcud iqtisadi və sosial narazılıqlardır. Almaniya iqtisadiyyatı formal göstəricilərdə müəyyən artım nümayiş etdirsə də, real iqtisadi dinamika olduqca zəifdir. Bu vəziyyət təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa iqtisadiyyatı üçün ciddi problem yaradır. Avropanın üzləşdiyi ikinci böyük enerji problemi isə Hörmüz boğazında yaranmış vəziyyətlə bağlıdır. Müharibə nəticəsində boğazda enerji daşıyıcılarının daşınması ilə bağlı ciddi çətinliklər meydana çıxıb. Bu da dünya bazarında enerji qiymətlərinə və Avropanın enerji təminatına təsir göstərir. Bu məsələdə ABŞ prezidentinin Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələr endirməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirmək istəyirəm. Mən hesab edirəm ki, mövcud problemləri yalnız bununla əlaqələndirmək düzgün deyil. Çünki Rusiyanın dizel yanacağı istehsalı üzrə ümumi gücünü nəzərə alsaq, onun dünya bazarındakı payı Trampın səsləndirdiyi 10 faizdən də aşağı olub. Mənim fikrimcə, bu göstərici təxminən 6-8 faiz səviyyəsində ola bilərdi. Ona görə də dünya bazarındakı hazırkı vəziyyəti yalnız Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrlə izah etmək doğru yanaşma deyil. Göründüyü kimi, beynəlxalq siyasət və enerji bazarı bir-biri ilə sıx bağlıdır. Burada hər bir ölkə öz maraqlarından çıxış edir və siyasi bəyanatların arxasında iqtisadi hesablamalar dayanır".

Rüfət Quliyev qeyd edib ki, bu mənada Azərbaycanın Avropanın qaz təminatında oynadığı rol da xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycanın Avropanın ümumi qaz tələbatındakı payını hazırkı 5-6 faizdən gələcəkdə 10 faizə qədər artırmaq potensialı var. Bunun üçün ciddi maneə görmürəm. Prezidentin tapşırıqlarına uyğun olaraq, qarşıdakı illərdə Azərbaycanın qaz ixracının 26 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Türkmənistanla qaz sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm imkanlar yaradır. İki ölkənin dövlət başçıları arasında əldə olunmuş razılaşmalar və mövcud qərarlar çərçivəsində Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycan infrastrukturuna yönəldilməsi perspektivi var. Bunun üçün Xəzərin dibi ilə müvafiq boru xətlərinin çəkilməsi və mövcud infrastruktura inteqrasiya məsələləri gündəmdədir. Bu reallaşarsa, Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya nəql etmək həm texniki, həm də iqtisadi baxımdan əlverişli ola bilər. Nəzərə almaq lazımdır ki, Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrindən biridir. Lakin bu ölkənin əsas problemlərindən biri qaz ixracı imkanlarının məhdud olmasıdır. Türkmənistanın əsas qaz alıcısı Çindir. Rusiya ilə də müəyyən svop əməliyyatları həyata keçirilir. Svop əməliyyatı dedikdə, bir ölkənin digərinə müəyyən həcmdə qaz verməsi, qarşı tərəfin isə həmin həcmi başqa istiqamətdən kompensasiya etməsi nəzərdə tutulur. Bu, klassik mənada ixrac və idxal əməliyyatı deyil, daha çox nəqliyyat və təchizat imkanlarından qarşılıqlı istifadə mexanizmidir. Belə əməliyyatlar hər iki ölkəyə nəqliyyat xərclərini azaltmağa imkan verir. Türkmənistan üçün Azərbaycan üzərindən qaz ixracını genişləndirmək, xüsusilə Avropa bazarına çıxış əldə etmək baxımından mühüm fürsətdir. Azərbaycan isə yalnız Avropaya deyil, digər ölkələrə də qaz ixrac edir. Səhv etmirəmsə, hazırda Azərbaycan qazını alan ölkələrin sayı 20-yə yaxındır. Gələcəkdə həm ixrac coğrafiyasının, həm də tədarük həcmlərinin artması gözlənilir. Digər mühüm məsələ Xəzər dənizinin karbohidrogen ehtiyatlarıdır. Təxminən 4-5 il əvvəl BP və digər böyük neft-qaz şirkətlərinin mütəxəssislərinin hesablamalarına əsasən, Xəzər dənizindəki ümumi neft və qaz ehtiyatlarının dəyəri, neftin bir barelinin 100 dollar qiyməti əsasında hesablandıqda, təxminən 5 trilyon dollar qiymətləndirilirdi. Burada qaz ehtiyatlarının da müəyyən hesablama metodologiyası əsasında neft ekvivalentinə çevrildiyini nəzərə almaq lazımdır. Xəzər dənizinin beş sahilyanı ölkəsi bu ehtiyatlardan istifadə etmək imkanına malikdir. Azərbaycanın Xəzərdəki payının 20 faizdən bir qədər çox olduğunu nəzərə alsaq, ölkəmizin bu ehtiyatlardan əldə edə biləcəyi potensialın miqyasını təsəvvür etmək mümkündür. Sadə bölgü ilə yanaşsaq, bu, təxminən 1 trilyon dollarlıq potensial ehtiyat dəyəri deməkdir. Əlbəttə, bu, dəqiq bölgü və təsdiqlənmiş gəlir hesablaması deyil, ümumi potensialı göstərən yanaşmadır. Bununla yanaşı, Azərbaycanın karbohidrogen potensialı yalnız Xəzər dənizinin dibi ilə məhdudlaşmır. Son dövrlərdə ölkəmizin Abşeron yarımadasından kənarda, digər ərazilərində də yeni neft yataqlarının mövcudluğu və potensialı ilə bağlı məlumatlar gündəmə gəlib. Xarici ekspertlərin apardıqları araşdırmaların nəticələri əsasında Azərbaycanda yeni neft yataqlarının aşkarlanması və istismarı imkanlarının olduğu bildirilir. Bu isə gələcəkdə təkcə dənizdə deyil, quruda yerləşən yeraltı yataqlardan da daha geniş istifadə etmək perspektivi yaradır. Təbii ki, Azərbaycan Rusiyanı tam şəkildə əvəz edə bilməz. Bunu xüsusi vurğulamaq lazımdır. Hazırda ölkəmizin belə bir istehsal və ixrac gücü yoxdur. Lakin hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanın Avropanın qaz təminatındakı payını tədricən 10-15 faizə qədər artırmaq mümkündür. Bunun üçün yeni boru kəmərlərinin, nəqliyyat infrastrukturunun və müvafiq texniki imkanların yaradılmasına investisiyalar yatırılmalıdır. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. Hazırda mövcud ixrac imkanlarımızdan maksimum istifadə edirik. Növbəti mərhələdə isə infrastrukturun genişləndirilməsi, yeni yataqların istismara verilməsi və Türkmənistan qazının tranziti hesabına ixrac həcmlərini artırmaq mümkün olacaq. Düşünürəm ki, bu, Azərbaycanın enerji bazarındakı mövqeyini daha da gücləndirəcək və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu artıracaq".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir