Xırdalan şəhərində 17 yaşlı oğlan sosial şəbəkədə mübahisə etdiyi həmyaşıdına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində baş verib.
Neftçala rayon sakini, 2008-ci il təvəllüdlü Rəhim həmyaşıdı Xəlil (adlar şərtidir – red.) ilə "Instagram" sosial şəbəkəsində danışarkən aralarında yaranmış anlaşılmazlığı aydınlaşdırmaq üçün Gənclər şəhərciyində yerləşən keçiddə görüşüb və heç bir əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib.
17 yaşlı oğlan üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi bıçağın arxası ilə Xəlilin qulaq nahiyəsindən bir dəfə vurduqdan sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək xəsarətlər yetirib.
Rəhim barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Neftçala rayonunun kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır.
"Rəsmi olaraq heç bir yerdə işləmirəm. Xəlil mənim uşaqlıq dostumdur. Onunla münasibətlərimiz həmişə normal olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü tanışı Xəlil ilə sosial şəbəkədəki qrupda danışıb.
"Bu zaman Xəlil heç bir səbəb olmadan anamın ünvanına nalayiq ifadələr işlətdi. Bundan sonra əsəbləşərək Xəlili Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən keçidin yanına çağırdım. O da etiraz etmədi. Həmin gün təxminən saat 21:30 radələrində Xəlil ilə danışdığım yerdə görüşdük. Həmin vaxt Xəlil yaxınlaşarkən üzərimdə olan bıçağı çıxarıb onun üzərinə getdim. Orada bıçağın arxası ilə onun qulaq nahiyəsindən bir dəfə vurdum. Həmin vaxt Xəlil qaçaraq getmək istədi. Bu zaman Xəlilə təpik və yumruqla bir neçə dəfə zərbə endirdim, sonra oradan getdim".
İş üzrə zərərçəkmiş Xəlilin sözlərinə görə, təxminən dörd ildir "Aska" ləqəbli Rəhim adlı şəxsi tanıyır.
"Rəhim mənimlə eyni yaşdadır. Onunla "Instagram" sosial şəbəkəsində özümüz üçün qrup yaradaraq söhbətlər aparmışıq. Sosial şəbəkədəki qrupda danışarkən qrupa tanımadığım bir qız daxil oldu. Mən həmin qızla danışmağa başladım. Rəhimin tanışı qrupda həmin qızla danışmamağımı tələb etdi. Mən də onun tanışının tələbinə məhəl qoymadım, qrupda həmin qızla danışmağa davam etdim. Rəhimin tanışı qrupda məni söyərək təhqir etdi və görüşə çağırdı. Mən də razılaşdım və həmin gün saat 21:30 radələrində Gənclər şəhərciyinin yanında yerləşən keçiddə onlarla görüşdüm. Görüş zamanı Rəhim məni söyüb təhqir edərək əlində olan bıçağın küpü ilə sol qulaq nahiyəmdən zərbə ilə vurdu. Zərbənin təsirindən qulaq nahiyəmdən xəsarət aldım. O, məni yenidən vurmaq istəyəndə şəhərciyə tərəf qaçdım. O da arxamca qaçaraq yenidən məni vurmaq istədi. Orada olan tanımadığım şəxslər bizi ayırdılar".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rəhim 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


