Azərbaycanda qeyri-neft sektorunun ixracında artım müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollara çatıb. Artım xüsusilə alüminium və ondan hazırlanan məmulatlar, qara metallar, mis, pambıq və kənd təsərrüfatı məhsullarının ixracında qeydə alınıb. Belə ki, hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı 41 faiz, qara metallardan hazırlanan məmulatların ixracı isə 32,2 faiz artıb.
Qeyri-neft ixracında müşahidə olunan bu müsbət dinamikanın növbəti ildə də davam edəcəyi gözlənilirmi? Xüsusilə metallurgiya və alüminium sənayesinin ixrac potensialı nə qədərdir və bu sahələr üzrə gələcək artım imkanları necə qiymətləndirilir?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda metalı çıxarıb yenidən xammal kimi satırıq:
"Necə ki, qızılı çıxarıb satırdıqsa, indi də metalları çıxarıb xammal şəklində ixrac edirik. Halbuki neft-kimya sənayesini inkişaf etdirdikdən sonra nefti hazır məhsul şəklində istehsal edib satırıq və cəmiyyət də həmin məhsullardan istifadə edir. Yəni metallurgiya sənayesində də gələcəkdə bu istiqamətdə inkişafın necə olacağını indidən dəqiq demək çətindir. Bununla əlaqədar 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Proqramı açaq, orada hökumətin planları və qarşıya qoyulan hədəflər öz əksini tapıb. Proqrama əsasən, 15 min kvadratkilometr ərazidə geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu işlər Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ ərazilərini əhatə edəcək. Bəs hansı hədəflər müəyyənləşdirilib? 2030-cu ilə qədər elektroliz zavodunun, alüminium yayma zavodunun tikilməsi, qara metallurgiya sahəsində isə 2 milyon ton gücündə birləşdirilmiş dəmir zavodunun qurulması planlaşdırılır. Yəni bu sahəyə əhəmiyyətli investisiyaların yatırılması nəzərdə tutulur".
İqtisadçı əlavə edib ki, əsas məqsəd idxaldan asılılığı azaltmaq, dəmir filizi və metaldan hazırlanan məhsullar üzrə ixracı şaxələndirməkdir:
"Eyni zamanda, istehsal imkanlarını genişləndirmək və xammalın emalını təşkil etmək qarşıya qoyulan əsas hədəflərdəndir. Bəs bunun üçün nə qədər investisiya tələb olunur? İlkin qiymətləndirmələrə görə, proqram çərçivəsində müxtəlif mənbələr hesabına təxminən 5,3 milyard manat investisiya qoyulması planlaşdırılır. Bunun 1,1 milyard manatının dövlət büdcəsindən, 2,2 milyard manatının dövlət müəssisələri tərəfindən, 2 milyard manatının isə özəl sektor hesabına təmin edilməsi gözlənilir. Dövlət müəssisələri dedikdə, bu sahədə fəaliyyət göstərən, o cümlədən "Azəralüminium" kimi qurumlar nəzərdə tutulur. Göründüyü kimi, bu sahələrin inkişafına ciddi vəsait ayrılması planlaşdırılır. Burada əsas məqsəd təkcə xammalın çıxarılması deyil, həm də onun emal prosesinin təşkilidir. Proqramın hədəflərinə əsaslansaq, bu istiqamətdə ciddi işlər görülməsi gözlənilir. Nəticədə həm istehsal, həm də ixrac artacaq. Amma bu artım gələn ildən dərhal müşahidə olunmayacaq. Çünki investisiyaların yatırılması, geoloji kəşfiyyat işlərinin aparılması və nəzərdə tutulan layihələrin reallaşdırılması müəyyən zaman tələb edir. Proqramda 2030-cu ilədək bu sektorun ümumi daxili məhsulda payının 1,8 milyard manata çatdırılması hədəflənib. Bu, indiki göstəricidən 2,6 dəfə çoxdur. Hazırda həmin sahənin ÜDM-də payı təxminən 700 milyon manat təşkil edir. Qızıl və gümüşün mövcud qiymətləri də nəzərə alınmaqla, bu sahədə 2,6 dəfə artım planlaşdırılır. İxracın isə 3,4 milyard manata çatdırılması gözlənilir. Bu da ixracın təxminən 2,6 dəfə artması deməkdir. Yəni proqramda nəzərdə tutulan hədəflər və işlər həyata keçirilərsə, 2030-cu ilədək istehsal və ixrac göstəricilərində ciddi artım olacaq. Ancaq bunlar 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərdir. Çünki yeni yataqların axtarılması, mövcud zavodların istehsal gücünün artırılması, alüminium zavodunun genişləndirilməsi, briket zavodunun və qara metallurgiya müəssisələrinin qurulması, eləcə də elektroliz zavodunun tikilməsi vaxt tələb edən proseslərdir.
Ümumilikdə, 2030-cu ilədək bu sahəyə ciddi investisiyaların yatırılması və dağ-mədən və metallurgiya sənayesinin inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur".


