"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq.
- İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsınız?
- Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.
- "Sabah" əsas oyunçularının bir çoxunu oynatmayaraq "Qəbələ"ni 4: 0 hesabı ilə məğlub etmişdi. "Qarabağ" isə bu rəqibin qarşısında çətinlik çəkdi. Sizcə, bunun səbəbi nədir?
- "Sabah"a burada elə də asan olmamışdı. 2 qolu son dəqiqələrdə vurmuşdular. "Qəbələ"də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Çempionlar Liqasında ötən mövsüm onun komandasına qarşı oynamışdıq. "Qəbələ" get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə ki, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumi çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər.
- Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı idi?
- Bəli.
- "Qarabağ", demək olar ki, yüz faizlik qol epizodları yarada bilmədi. Hücum xəttində axsamaların olmasının səbəbi nədir?
- Razıyam. Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.
- 18 ildir "Qarabağ"dasınız, bir neçə dəfə heyətdə böyük dəyişikliklər olub. Budəfəki yeniləmə prosesi niyə uğurlu alınmadı?
- Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə fikir söyləmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin qalxdığını göstərir. Bəlkə də, tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda mənə elə gəlir ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçuların potensialı var. Avrokuboklarda mübarizəni dayandırmaq bizə psixoloji cəhətdən təsir etdi. Bəzi futbolçuların zədələnməsi rotasiyanı aşağı saldı. Mütləq şəkildə yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, "Qarabağ" əvvəlki kimi olmayacaq. Daha yaxşı olmağa çalışırıq. Olmasa belə, bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq.
- Azarkeşlər həmişə "Qarabağ"ı başqa cür görüblər, sadəcə bu cür oyunu həzm edə bilmirlər...
- Komanda udanda uğurlu görünür. Deməzdim ki, transferdə yanlışlıq olub. Sadəcə komandanı dinamik oyuna çatdırmaq üçün bir az vaxt lazımdır. İnşallah düzələcək. Azarkeşlərimiz ürəksiz olmasınlar. Bəzi fikirlər yazılanda onun ətrafında cəmləşənlər çox olur, bir az neqativ yanaşma yaranır. Amma qətiyyən elə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir.
- Adınız "Fənərbaxça" ilə hallanır. Bu xəbərlərə reaksiyanız necədir?
- "Fənərbaxça"ya uğurlar arzulayıram. (qafqazinfo.az)


