YapiKredi Müraciət Forması
Sosial

Qızlar yataqxanasına yad kişi necə girib?

Qızlar yataqxanasına yad kişi necə girib?

Sosial şəbəkələrdə tələbə qızların yaşadığı KAMPUS yataqxanası ilə bağlı yayılan görüntülər və məlumatlar ciddi müzakirələrə səbəb olub. İddialara görə, naməlum kişi qızlar yataqxanasına daxil olaraq otaqların qapısını döyüb, tələbələri narahat edib. Hadisədən sonra isə əsas sual ortaya çıxıb: Kənar şəxs yataqxanaya necə daxil olub və həmin vaxt mühafizəçi harada olub?

ATV-nin müxbiri məsələni araşdırmaq üçün hadisənin baş verdiyi bildirilən yataqxanaya yollanıb.

Çəkiliş zamanı yataqxananın rəhbərliyi ilə danışmağa cəhd edilsə də, suallara cavab almaq mümkün olmayıb. Əksinə, rəhbərlikdən biri yayılan məlumatları təkzib edərək, bu iddiaları səsləndirən şəxsləri məhkəməyə verəcəyi ilə hədələyib.

Yataqxana rəhbəri bildirib ki, müəssisədə təhlükəsizlik yüksək səviyyədə qorunur, hətta öz ailə üzvləri belə kişi cinsindən olduqları üçün yataqxanaya buraxılmırlar. Onun sözlərinə görə, indiyədək belə bir hadisə ilə qarşılaşmayıblar.

Lakin jurnalistlərin diqqətini çəkən başqa bir məqam mühafizəçinin yerində olmaması olub. Belə ki, çəkiliş zamanı yataqxananın mühafizə postunda heç kimin olmadığı müşahidə edilib. Mühafizəçinin harada olduğu ilə maraqlandıqda isə özünü təqdim etməkdən yayınan şəxs onun yaxınlıqda olduğunu və başqa işlə məşğul olduğunu bildirib.

Təxminən bir saat davam edən çəkiliş müddətində mühafizəçinin postuna qayıtdığı müşahidə edilməyib.

Məsələ ilə bağlı hüquqi tərəflər də diqqət çəkir. Hüquqşünasın sözlərinə görə, kənar şəxslərin yataqxanaya daxil olması və mühafizəçinin həmin vaxt postunda olmaması əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, belə hallarda mühafizəçiyə xəbərdarlıq, töhmət, şiddətli töhmət verilə, hətta əmək müqaviləsinə xitam tətbiq oluna bilər.

Bütün bunlar isə tələbələrin təhlükəsizliyinə kimin cavabdeh olduğu sualını gündəmə gətirir. Qızların yaşadığı yataqxanaya naməlum şəxsin daxil ola bilməsi, mühafizəçinin isə həmin vaxt postunda olmaması ciddi narahatlıq doğurur.

Qeyd edək ki, ATV-nin əldə etdiyi məlumata görə, yataqxanaya daxil olduğu bildirilən şəxs polis tərəfindən müəyyən edilib və barəsində müvafiq tədbir görülüb.

Bəs yataqxanada təhlükəsizlik necə təmin olunur? Rəhbərlik niyə jurnalistlərin suallarını cavablandırmaqdan yayındı? Mühafizəçi postunda olmadığı halda tələbələrin təhlükəsizliyinə kim nəzarət edir? Bu suallar hələ də açıq qalır.

NE
Nihadə Eyyubova