"Trabzonspor"un ulduz futbolçusu Məhəmməd Salahla Misir millisinin baş məşqçisi Hossam Hassan arasında yaşandığı iddia edilən fikir ayrılığı ölkə futbolunda müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
Məlumata görə, Misir Futbol Federasiyası yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün hərəkətə keçib. Federasiyanın Salahla birbaşa görüşmək və məsələni müzakirə etmək məqsədilə Trabzona xüsusi nümayəndə heyəti göndərməyi nəzərdən keçirdiyi bildirilir.
Misirli media mütəxəssisi doktor Məhəmməd Tarvatın yaydığı məlumata əsasən, federasiyanın prezidenti Hani Abu Rida və idarə heyətinin üzvü Mustafa Azzam da problemin həlli prosesində iştirak edir. Gözlənilən səfər zamanı Salahla görüş keçirilməsi və baş məşqçi ilə futbolçu arasındakı fikir ayrılığının aradan qaldırılması planlaşdırılır. Hələlik səfərlə bağlı rəsmi qərarın verildiyi təsdiqlənməyib.
Gərginliyin səbəbi kimi Misir millisinin son oyunlarında baş məşqçinin verdiyi qərarlar göstərilir. Xüsusilə Anqola ilə qarşılaşmada Salahın əvəzlənməsi narazılığın yaranmasına səbəb olan məqamlardan biri kimi qeyd edilir. Cənubi Sudanla oyun öncəsi və qarşılaşma zamanı edilən seçimlərin də tərəflər arasındakı fikir ayrılığını dərinləşdirdiyi iddia olunur.
Qeyd edək ki, Məhəmməd Salah "Trabzonspor"un heyətində indiyədək 13 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə


