YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça" baş məşqçi vəzifəsinə daha bir namizəd açıqlandı

Fənərbağça baş məşqçi vəzifəsinə daha bir namizəd açıqlandı

"Fənərbağça"nın baş məşqçi postu üçün italiyalı mütəxəssis Antonio Kontenin namizədliyi gündəmə gətirilib. Türkiyə mətbuatında yayımlanan şərh yazısında bildirilib ki, İstanbul təmsilçisinin əsas ehtiyacı yeni ulduz futbolçular transfer etməkdən daha çox, klubun iş prinsipini və komandanın oyun sistemini dəyişə biləcək məşqçi tapmaqdır.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin idman yazarı Koray Durkal məqaləsində qeyd edib.

Müəllifin fikrincə, Konte bu baxımdan "Fənərbağça" üçün uyğun namizəd ola bilər. İtaliyalı çalışdırıcı rəhbərlik etdiyi klublarda qısa müddətdə nəticə əldə etməsi ilə tanınır. O, "Çelsi" ilə ilk mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. "İnter"də ilk il gümüş medala sahib çıxan mütəxəssis, növbəti mövsüm komandanı çempionluğa daşıyıb. Konte "Napoli" ilə də ilk mövsümündə İtaliya çempionu olub.

Yazıda vurğulanır ki, "Fənərbağça"nın problemi futbolçuların fərdi keyfiyyətindən daha çox, komanda şəklində vahid oyun modelinin formalaşdırılmasıdır. Kontenin əsas üstünlüklərindən biri isə futbolçuların meydandakı vəzifələrini dəqiq müəyyənləşdirməsi, taktiki intizam və yüksək iş tempi tələb etməsidir.

Bununla belə, onun İstanbul klubuna gəlişi bütün problemlərin avtomatik həlli kimi qiymətləndirilmir. Kontenin güclü xarakteri və transfer prosesində söz sahibi olmaq istəyi klub rəhbərliyi ilə fikir ayrılıqlarına səbəb ola bilər. Buna görə də belə bir əməkdaşlığın uğurlu olması üçün rəhbərliyin italiyalı mütəxəssisin futbol fəlsəfəsini və iş metodlarını qəbul etməsi vacib sayılır.

Məqalədə qeyd olunur ki, Kontenin "Fənərbağça" ilə mümkün əməkdaşlığı hələlik təsdiqlənmiş məlumat deyil. Onun 2026-cı ildə "Napoli"dən ayrıldığı bildirilsə də, gələcək karyerası ilə bağlı konkret razılaşma açıqlanmayıb. Müəllif hesab edir ki, İstanbul klubunun əsas qərarı sadəcə məşqçi seçmək deyil, uzunmüddətli futbol layihəsinə sadiq qalmaq olmalıdır.

Jalə