Kimyəvi vasitələrsiz vannadakı boruları təmizləməyin sadə üsulu
Vannada suyun gec axması, kanalizasiyadan xoşagəlməz qoxunun gəlməsi və borulardan qəribə səslərin eşidilməsi tıxanmanın əlamətləri ola bilər. Belə hallarda problemi aradan qaldırmaq üçün dərhal güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Evdə olan bir neçə sadə ərzaqla da boruları təmizləməyə cəhd etmək mümkündür.
Demokrat.az xəbər verir ki, bu barədə "UNIAN" nəşri məlumat yayıb.
Sirkə və soda qarışığı köməyə gəlir
Vannadakı boruların tıxanması əsasən saç, kosmetik vasitələr və yuyucu maddələrin qalıqlarının toplanması nəticəsində yaranır. İlk növbədə, suyun axdığı hissədə görünən saç və çirkləri pinset vasitəsilə çıxarmaq tövsiyə olunur. Bəzən bu sadə üsul problemi həll etmək üçün kifayət edir.
Tıxanma davam edərsə, ev şəraitində xüsusi qarışıq hazırlamaq olar. Bunun üçün 100 qram sirkə, 4 xörək qaşığı soda və 1 çay qaşığı qabyuyan maye qarışdırılır. Alınan məhlul su axıdan dəliyə tökülür və həmin hissə 20 dəqiqə ərzində tıxac və ya parça ilə örtülür. Tıxanma güclüdürsə, gözləmə müddətini 40 dəqiqəyədək artırmaq olar.
Daha sonra borular isti, lakin qaynar olmayan su ilə yuyulmalıdır. Bildirilir ki, soda sabun və yağ qalıqlarının yumşalmasına, qabyuyan maye isə çirkin yuyulmasına kömək edə bilər.
Qaynar sudan istifadə etmək təhlükəlidir
Tıxanmanı aradan qaldırmaq üçün başqa üsul kimi qaynar sudan da istifadə olunur. O, borularda toplanmış yağ və sabun qalıqlarını yumşalda bilər. Lakin bu üsul bütün kanalizasiya sistemləri üçün uyğun deyil.
Xüsusilə müasir vannalarda istifadə olunan plastik sifonlar yüksək temperaturun təsirindən deformasiyaya uğraya bilər. Buna görə qaynar su yalnız metal borularda istifadə edilməlidir. Boruların hansı materialdan hazırlandığı məlum deyilsə, bu üsuldan imtina etmək daha təhlükəsizdir.
Tıxanmanın qarşısını necə almaq olar?
Mütəxəssislər gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün su axıdan hissəyə saç və digər tullantıları saxlayan xüsusi tor qoymağı məsləhət görürlər. Həmçinin boruların vəziyyətini mütəmadi yoxlamaq və çirklərin yığılmasına imkan verməmək vacibdir.
Qeyd edək ki, soda və sirkə qarışığı yüngül çirklənmələrdə kömək edə bilər, lakin saç və digər bərk tullantılardan yaranan ciddi tıxanmaları aradan qaldırmaya bilər. Belə hallarda mexaniki təmizləmə daha effektivdir. Sirkə və soda qarışığını isə xlorlu təmizləyicilərlə qarışdırmaq olmaz.
Jalə


