Braziliyanın "Luminari" süni intellekt sistemi Leonardo da Vinçinin əsəri hesab edilən "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun həqiqi müəllifinin kimliyini şübhə altına alıb.
"Martin Cid" portalının dərc etdiyi təhlilə əsasən, süni intellekt əsərin Leonardo da Vinçinin özü tərəfindən deyil, onun tələbəsi Covanni Antonio Boltraffio tərəfindən çəkildiyini 81 faiz ehtimalla qiymətləndirib.
Lakin sistemin bu nəticəyə hansı metodla gəldiyi açıqlanmayıb. Buna görə də ekspertlər 81 faizlik göstəricinin müəllifliyi sübut edən fakt kimi qəbul edilməməli olduğunu bildirirlər.
Süni intellekt sahəsində fəaliyyət göstərən sahibkar Volfqanq Royter bu göstəricini yalnız dolayı sübut hesab edir. Leonardo da Vinçinin yaradıcılığını yaxşı bilən sənətşünas Frank Tselner isə neyron şəbəkələrin köməyi ilə aparılan ciddi təhlillərin faydalı ola biləcəyini, lakin müəlliflik mübahisəsinə son qoya bilməyəcəyini qeyd edib.
Tablonun tarixçəsi də kifayət qədər maraqlıdır. 2005-ci ildə ciddi zədələnmiş əsər Nyu-Yorkda keçirilən regional hərracda cəmi 1175 dollara alınıb. Bərpa işlərindən sonra onun Leonardo da Vinçiyə məxsus olduğu irəli sürülüb. Bununla belə, bəzi mütəxəssislər tablonun rəssamın emalatxanasında və ya əsasən onun tələbələri tərəfindən çəkildiyini düşünürlər.
2017-ci ildə isə əsər "Christie's" hərracında rekord qiymətə – 450,3 milyon dollara satılıb.
Alıcının Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman olduğu ehtimal edilir.
Həmin vaxtdan etibarən tablo ictimaiyyətə nümayiş etdirilməyib. (bizim.media)


