YapiKredi Müraciət Forması
Maraqlı

Hər gün süfrəmizdədir, amma ciddi təhlükə yaradır

Hər gün süfrəmizdədir, amma ciddi təhlükə yaradır

Avropada süfrələrin əvəzolunmaz məhsullarından olan çerri pomidorları genişlənən Salmonella epidemiyası səbəbindən diqqət mərkəzinə düşüb. Üç ildən artıq müddətdə 800-dən çox insanın xəstələnməsindən sonra İtaliyada məktəblərdə, xəstəxanalarda və qocalar evlərində çerri pomidorlarının çiy halda təqdim edilməsinə qadağa qoyulub. Bakteriyanın suvarma suyunda da aşkarlanması 10 ölkəyə yayılan epidemiya ilə bağlı qida təhlükəsizliyi narahatlığını artırıb.

Avropada kiçik pomidorlarla əlaqələndirilən bakterial epidemiya ictimai sağlamlıq üçün ciddi təhlükəyə çevrilib. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, 2023-cü ildən 2026-cı ilin sentyabrına qədər Salmonella Strathcona bakteriyası ilə əlaqəli 800-dən çox yoluxma qeydə alınıb. Təkcə bu il Avropanın 10 ölkəsində 160-dan artıq yeni yoluxma aşkarlanıb. İtaliyada qəbul edilən son qərar təhlükənin miqyasını bir daha göstərib.

Ölkənin Emiliya-Romanya bölgəsində məktəb yeməkxanalarında, xəstəxanalarda, qocalar evlərində və sosial qayğı müəssisələrində çerri pomidorlarının bişirilmədən təqdim edilməsi qadağan olunub.

İtaliyada çerri pomidorları ilə bağlı Salmonella tədbirləri qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər xüsusilə uşaqlar və yaşlılar üçün təhlükə yarada bilən bakteriyalara qarşı yalnız yumağın hər zaman kifayət etməyə biləcəyi barədə xəbərdarlıq edirlər.

Avropa səhiyyə orqanlarının araşdırmaları epidemiyanın mərkəzində İtaliyanın Siciliya bölgəsində yetişdirilən kiçik pomidorların dayandığını üzə çıxarıb.

Avstriya, Almaniya, Fransa, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç və İsveçdə yoluxma halları qeydə alınıb. Xəstələnənlərin bir qisminin yaxın vaxtlarda İtaliyaya səfər etdiyi müəyyənləşdirilib. Lakin ölkə xaricinə heç vaxt çıxmamış insanlarda da eyni bakteriyanın aşkarlanması çirklənmiş məhsulların sərhədlərarası daşınması ilə bağlı narahatlığı artırıb.

İtaliyanın Emiliya-Romanya bölgəsində 2024-2026-cı illər ərzində 112 Salmonella Strathcona və 5 Salmonella Typhimurium yoluxması qeydə alınıb. Rəsmilər təzə pomidorların istehsaldan paylanmaya qədər uzanan mürəkkəb təchizat zəncirinə görə təhlükəli məhsulların izini müəyyənləşdirməyin çətin olduğunu bildiriblər.

Araşdırmalar zamanı ortaya çıxan ən diqqətçəkən faktlardan biri istehsal sahələri ilə bağlı olub. Siciliyada pomidor istehsalçılarından birinin 2024-cü ilin noyabrında götürülmüş quyu suyu nümunəsində epidemiya ilə əlaqəli Salmonella bakteriyası aşkarlanıb.

Avstriyada aparılan sonrakı araşdırmalarda da İtaliyadan gətirilən çerri pomidorlarında epidemiyaya səbəb olan eyni bakteriya ştammına rast gəlinib.

Bu nəticələr problemin yalnız market rəflərində və ya mətbəxlərdə başlamadığını, kənd təsərrüfatı istehsalının ilkin mərhələlərinə qədər uzana bildiyini göstərib.

Epidemiyanın yenidən sürətlənməsi ilə əlaqədar Avstriya da oktyabrın 16-da istehlakçılara xəbərdarlıq edib.

Siciliyanın Raquza və Kaltanisetta bölgələrindən gətirilən kiçik pomidorların çiy yeyilməməsi, istehlak ediləcəyi təqdirdə isə kifayət qədər bişirilməsi tövsiyə olunub.

"Gıda Bülteni"nin nəşr koordinatoru, kənd təsərrüfatı və qida eksperti Gürkan Akgüneş yaranmış vəziyyətlə bağlı qida təhlükəsizliyinə dair mühüm xəbərdarlıqlar edib.

O bildirib:

"Qida təhlükəsizliyində ən böyük təhlükələrdən biri real risklərin nəzərə alınmaması qədər yanlış məlumatlarla cəmiyyətdə lazımsız panika yaradılmasıdır. Salmonella kimi bakteriyalar xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Üstəlik, tərəvəz və meyvələri yumaq onların bütün bakteriyalardan təmizlənməsi demək deyil".

Akgüneş sözlərinə belə davam edib:

"Biz öz internet səhifəmizdə bu məsələni gündəmə gətirmişik. Xüsusilə onu da qeyd etmək istəyirəm ki, İtaliyada görülən bir tədbiri Türkiyədəki bütün çerri pomidorları təhlükəli imiş kimi təqdim etmək də düzgün deyil.

Qida jurnalistikası peşəkarlıq və diqqət tələb edən sahədir. Vətəndaşlara hansı məhsulları istehlak edib-etməməli olduqları qorxu ilə deyil, elmi məlumatlar əsasında izah edilməlidir. Çünki qida təhlükəsizliyi ilə bağlı yanlış məlumatlar da ən az səhlənkarlıq qədər ciddi nəticələrə səbəb ola bilər". (musavat.com)

NE
Nihadə Eyyubova