YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Hər gün yeyiləndə yaddaşı gücləndirir

Hər gün yeyiləndə yaddaşı gücləndirir

Yerfındığının müntəzəm istehlakı yaşlı insanlarda yaddaş və digər idrak funksiyaları ilə əlaqəli beyin nahiyələrinin fəaliyyətinə müsbət təsir göstərə bilər. Yeni araşdırma bu məhsulun beyinin insulinə reaksiyasını yaxşılaşdırdığını üzə çıxarıb.

Demokrat.az xəbər verir ki, bu barədə Niderlandın Maastrixt Universitetinin Tibb Mərkəzində aparılan araşdırmaya istinadən "Euronews" məlumat yayıb.

"Food & Function" elmi jurnalında dərc olunan tədqiqat çərçivəsində iştirakçılar 16 həftə ərzində hər gün 60 qram duzsuz, qabıqlı qovrulmuş yerfındığı yeyiblər. Daha sonra onların nəticələri yerfındığı istehlak etmədikləri dövrlə müqayisə olunub.

Məlum olub ki, bu müddət ərzində beynin sağ yarımkürəsində, xüsusilə yaddaş proseslərində mühüm rol oynayan hipokamp və onunla əlaqəli digər nahiyələrdə insulinə reaksiya yaxşılaşıb. Alimlər bu dəyişiklikləri MRT müayinəsi vasitəsilə müəyyən ediblər.

Qeyd edək ki, insulin beyində öyrənmə, yaddaş və sinir hüceyrələri arasında informasiya mübadiləsi proseslərində iştirak edir. Yaş artdıqca beynin bu hormona həssaslığı zəifləyə bilər ki, bu da idrak qabiliyyətlərinin geriləməsi ilə əlaqələndirilir.

Yerfındığının beyinə təsiri nədən qaynaqlanır?

Tədqiqatçılar hesab edirlər ki, yerfındığının zəngin qida tərkibi müşahidə olunan müsbət dəyişikliklərdə rol oynaya bilər. Məhsulun tərkibində doymamış yağlar, lif, vitaminlər, minerallar, bitki mənşəli zülallar və bioloji aktiv maddələr var.

Bundan başqa, yerfındığı orqanizmdə azot oksidinin yaranmasında iştirak edən L-arginin amin turşusu ilə də zəngindir. Bu birləşmə qan damarlarının fəaliyyətinin tənzimlənməsinə kömək edir və yaddaş, eləcə də öyrənmə prosesləri ilə əlaqələndirilir.

Bununla belə, alimlər araşdırmanın yerfındığı yeməyin demensiyanın qarşısını aldığını və ya xəstəliyin inkişafını dayandırdığını sübut etmədiyini vurğulayırlar. Nəticələr yalnız beynin müəyyən nahiyələrinin insulinə reaksiyasında müsbət dəyişikliklərin olduğunu göstərir.

Jalə