YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Qırmızı, yaşıl, yoxsa sarı alma: Hansı rəng daha faydalıdır?

Qırmızı, yaşıl, yoxsa sarı alma: Hansı rəng daha faydalıdır?

Almanın rəngi yalnız xarici görünüşünü deyil, həm də tərkibindəki faydalı maddələrin miqdarını müəyyən edir. Alimlər qırmızı, yaşıl və sarı almaların sağlamlığa təsirlərini müqayisə edərək hər birinin özünəməxsus üstünlüklərini müəyyən ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşri məlumat yayıb.

Qırmızı almalar ürək və beyin üçün faydalıdır

Qırmızı almaların qabığına rəng verən antosianinlər güclü antioksidant xüsusiyyətlərə malikdir. Elmi araşdırmalara görə, meyvənin rəngi nə qədər tünd və doymuş olarsa, tərkibindəki antosianinlərin miqdarı da bir o qədər çox olur.

Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa, iltihabi prosesləri azaltmağa və damarların sağlamlığını dəstəkləməyə kömək edir. Xüsusilə ürək-damar sistemi və beyin üçün faydalı hesab olunur. Bununla yanaşı, qırmızı alma digər rəngli növlərlə müqayisədə daha çox şəkər və kalori ehtiva edə bilər.

Yaşıl almalar lif və polifenollarla zəngindir

Yaşıl almaların əsas üstünlüyü şəkərin nisbətən az, turşuluğun isə yüksək olmasıdır. Onların tərkibindəki xlorofil və alma turşusu meyvəyə xarakterik dad verir.

Bu almalar lif və polifenollarla zəngin hesab olunur. Həmin maddələr həzm sisteminin fəaliyyətini dəstəkləyir və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edə bilər.

Sarı almalar xolesterinin səviyyəsinə təsir göstərə bilər

Sarı və sarı-yaşıl almalar isə tərkibindəki karotinoidlərlə seçilir. Bu maddələr görmə qabiliyyətinin və immun sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

Araşdırmalardan birində hər gün "Renet Kanadski" sortundan olan sarı alma yeyən insanlarda "pis" xolesterinin səviyyəsinin aşağı düşdüyü müşahidə edilib. Bu göstərici ürək-damar xəstəlikləri riski baxımından əhəmiyyətlidir.

Gündə neçə alma yemək məsləhətdir?

Mütəxəssislər gündə bir-iki alma, yaxud təxminən 150 qram meyvə istehlakını münasib hesab edirlər. Bir elmi araşdırmada gündə bir alma yeməyin idrak funksiyalarına, ürək sağlamlığına və bəzi xroniki xəstəliklərin gedişinə müsbət təsirləri müşahidə olunub.

Bununla belə, gündə dörddən çox alma yemək şəkər qəbulunun artmasına və qarında köp yaranmasına səbəb ola bilər.

Diyetoloqlar meyvənin faydalı maddələrindən maksimum yararlanmaq üçün almanı qabığı ilə birlikdə yeməyi tövsiyə edirlər. Ümumilikdə isə alimlər konkret bir rəngin digərlərindən üstün olduğunu söyləmirlər. Ən yaxşı seçim müxtəlif rəngli almalardan istifadə etməklə onların fərqli qida üstünlüklərindən yararlanmaqdır.

Jalə