Avropada süfrələrin əvəzolunmaz məhsullarından olan çerri pomidorları genişlənən Salmonella epidemiyası səbəbindən diqqət mərkəzinə düşüb. Üç ildən artıq müddətdə 800-dən çox insanın xəstələnməsindən sonra İtaliyada məktəblərdə, xəstəxanalarda və qocalar evlərində çerri pomidorlarının çiy halda təqdim edilməsinə qadağa qoyulub. Bakteriyanın suvarma suyunda da aşkarlanması 10 ölkəyə yayılan epidemiya ilə bağlı qida təhlükəsizliyi narahatlığını artırıb.
Qida eksperti Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, salmonella bakteriyasına quşlarda, o cümlədən toyuq, ördək, qaz və digər qanadlı heyvanlarda rast gəlinir:

"Bu bakteriya həmin heyvanların ətində və yumurtasında da ola bilər. Eyni zamanda torpağın üst qatında və sularda da salmonella bakteriyası mövcuddur. Çarpaz çirklənmə nəticəsində suya keçən bakteriyalar çirklənmiş su ilə suvarılan kənd təsərrüfatı məhsullarının səthində də yayıla bilər. Bu isə o demək deyil ki, çerri pomidor istehlak üçün yararsızdır. Əslində, torpaqdan əldə edilən və bazardan aldığımız bütün meyvə-tərəvəzlərin, o cümlədən alma, heyva, pomidor, xiyar, badımcan, kələm, kök və çuğundurun istehlakdan əvvəl düzgün şəkildə yuyulması vacibdir. Çünki məhsulda salmonella olmasa belə, digər mikroorqanizmlər, məsələn, E. coli kimi bakteriyalar mövcud ola bilər. Bundan əlavə, məhsulların yetişdirilməsi zamanı istifadə edilən pestisid və herbisidlərin qalıqları da onların səthində qala bilər. Buna görə də tərəvəz və meyvələrin təmizlənməsinə xüsusi diqqət yetirilməlidir".
Ekspert əlavə edib ki, çox vaxt insanlar məhsulun xarici görünüşünə əsaslanaraq onun təmiz olduğunu düşünür və heç bir əlavə təmizləmə aparmadan çiy halda istehlak edirlər:
"Halbuki bakteriyalar mikroskopik olduğundan gözlə görünmür. Salmonella ilə çirklənmiş məhsulların çiy halda yeyilməsi qida zəhərlənməsinə, ağır hallarda isə ölümə səbəb ola bilər. Burada qəbul edilən məhsulun miqdarı və orqanizmə daxil olan bakteriya yükü də əhəmiyyətlidir. Ona görə də çerri pomidor da daxil olmaqla, bütün meyvə-tərəvəzlər istehlakdan əvvəl düzgün şəkildə təmizlənməlidir. Bunun üçün mütləq qələvi sudan istifadə edilməlidir, turşulu sudan istifadə etmək olmaz. İnsanlar çox vaxt məhsulları sirkəli suda saxlayırlar, lakin bu, düzgün yanaşma deyil. Çünki pestisid və herbisidlərin özləri də turşu xüsusiyyətli ola bilər və turşu ilə reaksiyaya girdikdə kimyəvi zəhərlənmə riski yarana bilər. Qələvi su dedikdə isə soda məhlulu nəzərdə tutulur. Mətbəxlərdə göyərtilərin təmizlənməsi üçün tövsiyə etdiyimiz çay sodasından meyvə və tərəvəzlərin təmizlənməsində də istifadə etmək olar. Bundan başqa, qida məhsullarının yuyulması üçün xüsusi nəzərdə tutulmuş dezinfeksiyaedici məhlullar da mövcuddur. İstehlakçılar büdcələrinə uyğun olaraq həmin vasitələrdən də istifadə edə bilərlər. Bu məhsulları qeyri-qida məhsulları satılan mağazalardan əldə etmək mümkündür".


