Son bir əsrdə ABŞ-da qız uşaqlarına verilən adların populyarlığı dəfələrlə dəyişib. Onilliklər ərzində liderliyini qoruyan adlar olsa da, kino, musiqi və mədəniyyət də valideynlərin seçimlərinə ciddi təsir göstərib. Maraqlıdır ki, bir ad ümumilikdə 30 dəfə ən populyar ad seçilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Good Housekeeping" nəşri ABŞ Sosial Təminat İdarəsinin statistikasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, 1920-1930-cu illərdə ABŞ-da valideynlərin ən çox üstünlük verdiyi qız adı Meri olub. Bu ad 1946-cı ilə qədər reytinqin ilk pilləsində qalıb. Onun populyarlığı dini mənşəyi və ailə ənənələri ilə əlaqələndirilir. Həmin dövrdə Doroti, Helen, Marqaret, Rut və Betti adları da geniş yayılıb.
1947-ci ildə Merini Linda geridə qoyub. Bu ad 1952-ci ilə qədər liderliyini qoruyub. 1953-cü ildə isə Meri yenidən birinci yerə qayıdaraq onilliyin sonunadək mövqeyini saxlayıb.
1962-ci ildən etibarən Liza adı səkkiz il ardıcıl olaraq ən populyar seçim olub. 1970-ci ildə isə Cennifer liderliyi ələ keçirib və 1984-cü ilə qədər reytinqin zirvəsində qalıb.
1985-ci ildən Cenniferi Cessika əvəz edib. Bu ad onilliyin sonunadək birinci yerdə olub. 1990-cı illərdə isə liderlik uğrunda Cessika, Eşli və Emili arasında rəqabət yaşanıb. 1996-cı ildə birinci yerə yüksələn Emili 2007-ci ilə qədər mövqeyini qoruyub.
2008-ci ildə Emma, 2009-cu ildə isə İzabella ən populyar qız adı seçilib. Sonuncunun məşhurlaşması "Alatoranlıq" kitab və film seriyasının baş qəhrəmanı Bellanın təsiri ilə əlaqələndirilir.
2011-2013-cü illərdə Sofiya, 2014-2018-ci illərdə isə Emma lider olub. 2019-cu ildən etibarən birinci yeri Olivia tutur. Beləliklə, bu ad 2025-ci il də daxil olmaqla, yeddi il ardıcıl olaraq ABŞ-da ən çox seçilən qız adı olub.
2025-ci ilin nəticələrinə görə, ikinci yerdə Şarlotta, sonrakı pillələrdə isə Emma, Amelia və Sofiya qərarlaşıb. Məlumata əsasən, Şarlotta və Amelia adlarının populyarlığı son illərdə getdikcə artır.
Statistikada diqqət çəkən əsas məqam isə Meri adının ümumilikdə 30 dəfə ABŞ-da ən populyar qız adı olmasıdır. Bu göstərici onu son yüzilliyin ən uzunmüddətli favoritlərindən birinə çevirir.
Jalə


