Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar baş tutub.
Demokrat.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf müvafiq əmrlər imzalayıb.
Həbibə Mustafa Beynəlxalq vergilər şöbəsinin rəisi vəzifəsinə, Hikmət Əliyev isə Nəqliyyat İdarəsinin Texniki İstehsalat Departamentinin rəis müavini vəzifəsinə təyin olunublar.
Həbibə Mustafa ötən ilin dekabrından yeni təyinatadək həmin şöbədə rəis müavini vəzifəsində çalışıb. O, 2024-cü ilin iyunundan 2025-ci ilin noyabrınadək "Deloitte" şirkətində vergi meneceri, 2021-ci ilin dekabrından 2024-cü ilin avqustunadək isə həmin şirkətdə təcrübəli baş vergi məsləhətçisi vəzifələrini icra edib. 2019-cu ilin mayından 2021-ci ilin noyabrınadək Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən "JTL Innovation Technologies" MMC-də aparıcı vergi mütəxəssisi olub.
Bundan əvvəl isə "Deloitte Azerbaijan" şirkətində çalışıb. O, 2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək III dərəcəli vergi məsləhətçisi, 2017-ci ilin sentyabrından 2018-ci ilin avqustunadək II dərəcəli vergi məsləhətçisi, 2016-cı ilin avqustundan 2017-ci ilin avqustunadək isə I dərəcəli vergi məsləhətçisi vəzifələrində işləyib. H.Mustafa 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrınadək Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyində (AmCham Azerbaijan) Vergi və Gömrük Komitəsinin sədr müavini kimi də fəaliyyət göstərib.
Hikmət Əliyev isə bundan əvvəl SOCAR-da Nəqliyyatın Planlaşdırılması və Analitikası bölməsində fəaliyyət göstərib. O, 2022-ci ilin iyunundan 2025-ci ilin dekabrınadək kommersiya üzrə mütəxəssis, 2019-cu ilin oktyabrından 2022-ci ilin iyun ayınadək anbar mütəxəssisi, 2017-ci ilin sentyabrından 2019-cu ilin oktyabrınadək nəqliyyat mühəndisi vəzifələrində çalışıb.
Bundan başqa, H.Əliyev 2016-cı ilin iyunundan 2017-ci ilin sentyabrınadək yoxlayıcı, 2012-ci ilin iyunundan 2016-cı ilin iyun ayınadək isə qatar maşinisti vəzifəsini icra edib.



