İşə qəbul zamanı namizədin yalnız təhsili və iş təcrübəsi deyil, sosial şəbəkələrdəki fəaliyyəti də diqqətə alına bilər. Paylaşılan foto və videolar, yazılan şərhlər bəzi hallarda işəgötürənin qərarına təsir göstərir.
İnsan resursları üzrə ekspert Aytən Şıxalıyeva Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan foto və videolar namizədin işə qəbul şansına təsir edə bilər.

Onun sözlərinə görə, paylaşımlar insan haqqında müəyyən təəssürat yaradır və bu təəssürat bəzən seçim qərarına da keçir:
"Amma əsas məsələ həmin qərarın nə qədər əsaslı olmasıdır. Namizədin hansısa paylaşımını bəyənməməyimiz onun həmin işə uyğun olmadığını göstərmir.
İranla sərhəddə insident - Atəş açıldı (FOTO)
Bakıda da istifadə edilir: Təhlükəli bakteriya aşkarlandı - Açıqlama
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər – FOTO
Sosial şəbəkə namizədin peşəkar tərəflərini tanımağa kömək edə bilər. Gördüyü işlər, iştirak etdiyi layihələr, sahəsi ilə bağlı fikirləri onun bilik və bacarıqları haqqında əlavə məlumat verir. Ancaq şəxsi hesabına baxaraq insanın xarakteri, məsuliyyəti və gələcəkdə necə işləyəcəyi barədə tam nəticə çıxarmaq mümkün deyil. İnsan sosial şəbəkədə həyatının müəyyən hissəsini göstərir, lakin bəzən həmin hissəyə baxıb onun bütöv şəxsiyyəti qiymətləndirilir.
Ona görə işəgötürən üçün əsas meyar paylaşımın vəzifə ilə əlaqəsi olmalıdır. Məsələn, namizəd əvvəlki iş yerinin məxfi məlumatlarını, müştəri yazışmalarını və ya pasiyent məlumatlarını icazəsiz paylaşıbsa, bu, onun məxfiliyə münasibəti ilə bağlı ciddi sual yaradır. İnsanları hədəfə alan təhdidlər, təqib, zorakılığa çağırışlar və ayrı-seçkiliyi təşviq edən ifadələr də iş mühitində təhlükəsiz münasibətlər baxımından nəzərə alına bilər. Təcrübəsi və nailiyyətləri barədə təqdim etdiyi məlumatlarla paylaşımları arasında ciddi ziddiyyət varsa, bunun da aydınlaşdırılmasına ehtiyac var.

Amma belə hallarda da dərhal imtina qərarı vermək düzgün deyil. Əvvəlcə məlumatın həqiqətən namizədə aid olub-olmadığı, hansı şəraitdə və nə vaxt paylaşıldığı yoxlanılmalı, namizədin izahı dinlənilməlidir. Bir ekran görüntüsü, köhnə video və ya kontekstdən çıxarılmış cümlə insan haqqında yanlış təsəvvür yarada bilər.
Digər tərəfdən, insanın istirahət etməsi, rəqs videosu paylaşması, idmanla məşğul olması, geyim seçimi və ya ailə həyatını göstərməsi onun peşəkarlığını şübhə altına almaq üçün əsas deyil. Məclis fotosuna baxıb "məsuliyyətsizdir", aktiv sosial həyatını görüb "işə ciddi yanaşmaz" demək fərziyyədir. Eyni şəkildə, ailə fotosundan "uşağı var, işə vaxt ayıra bilməyəcək" nəticəsi çıxarmaq da namizədin bacarığının qiymətləndirilməsi deyil.
Burada hüquqi sərhəd də var. Əmək Məcəlləsinin 16-cı maddəsi cins, yaş, din, ailə vəziyyəti, siyasi baxışlar və işgüzar keyfiyyətlərlə bağlı olmayan digər amillər üzrə ayrı-seçkiliyi qadağan edir. Deməli, sosial şəbəkədən öyrəndiyimiz şəxsi məlumatları namizədi kənarlaşdırmaq üçün seçim meyarına çevirmək ayrı-seçkilik riski yaradır.
Şəxsi həyata müdaxilə ilə ayrı-seçkiliyi də fərqləndirmək vacib məqamdır. Şəxsi həyata müdaxilə məlumatın necə əldə edilməsi və istifadə olunması ilə, ayrı-seçkilik isə həmin məlumat əsasında insana göstərilən münasibətlə bağlıdır. Məsələn, qapalı hesaba icazəsiz daxil olmaq və şəxsi yazışmaları əldə etmək şəxsi həyata müdaxilə məsələsini ortaya çıxarır. Açıq profildə görünən dini mənsubiyyətə görə namizədi seçimdən kənarlaşdırmaq isə ayrı-seçkilik məsələsidir.
Profilin açıq olması da oradakı məlumatlardan sərhədsiz istifadə imkanı vermir. "Fərdi məlumatlar haqqında" Qanun açıq elan edilmiş məlumatların işlənilməsinə imkan nəzərdə tutsa da, məlumatların qanuni və əvvəlcədən müəyyən edilmiş məqsədlə toplanması, həcminin həmin məqsədə uyğun olması tələbləri qüvvədə qalır. Yəni məlumatın hamıya görünməsi onun istənilən qərar üçün əsas götürülə biləcəyi demək deyil.
Namizədin paylaşımlarının yarada biləcəyi təəssürata diqqət etməsi faydalıdır. İşəgötürənin peşəkarlığı isə həmin təəssüratla iş üçün əhəmiyyətli faktı ayıra bilməsindədir. İşə qəbul zamanı insanın bacarığını, təcrübəsini və vəzifəyə uyğun davranışlarını qiymətləndirməliyik. Onun şəxsi həyatının bizim seçimlərimizə nə dərəcədə bənzədiyini deyil".


