YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça" portuqaliyalı baş məşqçi ilə anlaşdı

Fənərbağça portuqaliyalı baş məşqçi ilə anlaşdı

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi postu üçün portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə razılıq əldə edib. Məşqçinin yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

İddiaya görə, İsmail Kartalla yollarını ayıran İstanbul təmsilçisinin rəhbərliyi baş məşqçi namizədləri arasında Konseysao üzərində dayanıb və onu Türkiyəyə dəvət edib. Məşqçinin seçilməsi prosesində klubun futbol komitəsi ilə yanaşı, "Fənərbağça"nın sabiq çalışdırıcısı Jorje Jezuşun da fikrinin öyrənildiyi bildirilir. Jezuşun portuqaliyalı həmkarı barədə müsbət rəy verdiyi qeyd olunur.

Bununla belə, klub rəhbərliyi hələlik xəbəri rəsmən təsdiqləməyib. Müqavilənin müddəti və maliyyə şərtləri barədə də məlumat açıqlanmayıb.

Konseysao 2017-2024-cü illərdə "Portu"ya rəhbərlik edib. Bu müddətdə komanda ilə 368 oyuna çıxan mütəxəssis üç dəfə Portuqaliya çempionluğu, dörd dəfə ölkə kuboku, üç dəfə Superkubok və bir dəfə Liqa Kubokunu qazanıb.

Portuqaliyalı məşqçi 2024-2025 mövsümündə "Milan"ı çalışdırıb və İtaliya Superkubokuna sahib olub. Daha sonra Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna rəhbərlik edən Konseysao 2026-cı il iyunun 2-də bu komandadan ayrılıb.

Xatırladaq ki, "Fənərbağça" İsmail Kartalla yollarını ayırdıqdan sonra komandanın müvəqqəti idarəçiliyini Dirk Kuyta həvalə edib. İstanbul klubu son olaraq öz meydanında "Göztəpə"yə məğlub olub.

Jalə