Türkiyənin Antalya şəhərində keçirilən 63-cü "Altın Portakal" Film Festivalının bağlanış mərasimi zamanı baş verən bədbəxt hadisə musiqiçi Gökhan Kırdar və ailəsinə qorxu dolu anlar yaşadıb. Oteldə dekor kimi yerləşdirilən "Altın Portakal" heykəllərindən biri aşaraq Kırdarın həyat yoldaşı Aylin Beyazlı Kırdarın başına düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, festivalın bağlanış mərasimindən sonra oteldə təşkil olunan şənlikdə iştirak edən qonaqlardan biri dəhlizdəki heykəllərdən birinə toxunub. Nəticədə dekor elementi aşaraq əvvəlcə Gökhan Kırdarın qoluna, daha sonra isə həyat yoldaşının başına dəyib. Zərbədən sonra Aylin Kırdar huşunu itirib.
Hadisə yerində olanlar dərhal köməyə gəlib və təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan Aylin Kırdar müayinələrdən sonra evə buraxılıb. Festivalın təşkilatçıları da onun səhhətinin yaxşı olduğunu və ailənin İstanbula qayıtdığını bildiriblər.
Hadisədən sonra açıqlama verən Gökhan Kırdar həyat yoldaşının həyati təhlükəsinin olmadığını, özünün isə çiynində və sağ qolunda ciddi xəsarət aşkarlanmadığını qeyd edib.
Musiqiçi hadisə zamanı ilk yardım göstərən rejissor Derviş Zaimə və aktyor Fatih Artmana, eləcə də xəstəxanada onlara dəstək olan festivalın bədii rəhbəri Deniz Yavuz və Tümay Özokura təşəkkür edib.
Jalə


