Aktrisa Nəzakət Məmmədovanın qızı Günelin nikah mərasiminin kilsədə keçirilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Nikahdan yayılan görüntülər istifadəçilərin diqqətini çəkib.
Bəs fərqli dinlərə mənsub insanların öz dini ayinlərinə uyğun nikah bağlamasına münasibət necə olmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dinşünas Tural İrfan bildirib ki, evlənən şəxslərdən birinin valideyni tanınmış aktrisa Nəzakət Məmmədova xristian dininə mənsubdur.

Onun sözlərinə görə, ola bilsin ki, gənclər də xristian dininə etiqad edir və bu səbəbdən nikah mərasimini kilsədə keçiriblər:
"Təbii ki, öz dinlərinə uyğun olaraq kilsədə belə bir nikah mərasimi keçiriblər. Bu, təbii prosesdir. Azərbaycanda həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar yaşayır. Onların öz dinlərinə uyğun ayinlər keçirməsi və nikah bağlaması ölkəmizdəki tolerantlıq mühitinə uyğun hadisədir. Burada təəccüblü heç nə yoxdur. Təəssüf ki, bəzi insanlar İslam daxilində məzhəblər arasında münaqişə yaradır və bu qarşıdurmanı qızışdırırlar. Eyni zamanda, başqa dinlərin nümayəndələrinin keçirdiyi ayinləri bəzən istehza obyektinə çevirir və ya onları İslamla üz-üzə qoymağa çalışırlar. Bu, yolverilməzdir. Belə yanaşma həm qanunvericiliyə, həm də dinlərin öz prinsiplərinə ziddir. Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.s.) Mədinədə İslam dininin təməllərini qoyarkən orada xristianlar və yəhudilər də yaşayırdılar. Onlar normal və tolerant şəraitdə həyat sürür, öz ibadətlərini yerinə yetirirdilər. Hətta Mədinədə Peyğəmbərin qəbuluna gələn xristianların ibadət vaxtı çatdıqda o, onlara məsciddə ibadət etməyi təklif etmişdi. Onlar da məsciddə öz ibadətlərini yerinə yetirmişdilər. Peyğəmbər hətta onlara qibləni də göstərmişdi. Burada təəccüblü heç nə yoxdur. Əksinə, bu hadisə Azərbaycan cəmiyyətinin tolerant olduğunu, çoxdinli və çoxkonfessiyalı mədəniyyətə sahib olduğunu göstərir. Xristianlarda nikah mərasimi müsəlmanların nikah mərasimindən bir qədər fərqlidir, daha rəngarəng və müasir görünür. Bəlkə də bu səbəbdən diqqət çəkib. Ancaq bu, təbii prosesdir və mən belə mərasimləri alqışlayıram. Fərq etməz, ölkəmizdə hansı dinə mənsub insanlar öz ayinlərini və nikah mərasimlərini keçirirlər. Bu, bizim çoxəsrlik birgəyaşayış mədəniyyətimizin bariz nümunəsidir".


