Bəzən insan hansısa məhsul barədə danışdıqdan sonra həmin əşyanın reklamını telefonunda görür. Bu isə smartfonların istifadəçiləri gizlicə dinləməsi ilə bağlı şübhələr yaradır. Lakin mütəxəssislər bildirirlər ki, belə reklamların görünməsi telefonun söhbətləri dinlədiyini sübut etmir. Bununla belə, cihazda hansı tətbiqlərin mikrofona çıxışının olduğunu yoxlamaq mümkündür.
Demokrat.az xəbər verir ki, Macarıstanın "Index" nəşri "Techbite" portalına istinadən smartfonun mikrofonundan istifadəni yoxlamaq üçün sadə eksperiment təqdim edib.
Mikrofon telefon danışıqları, video çəkilişi, səsli mesajlar və rəqəmsal köməkçilərin fəaliyyəti üçün istifadə olunur. Lakin bəzi tətbiqlər öz funksiyaları üçün zəruri olmadığı halda da bu icazəni tələb edə bilər.
Smartfonun dinləyib-dinləmədiyini necə yoxlamaq olar?
Eksperiment üçün əvvəlcə internetdə axtarmadığınız, satın almadığınız və başqaları ilə yazışmalarda müzakirə etmədiyiniz qeyri-adi bir məhsul seçmək lazımdır. Məsələn, evinizdə olmayan bir heyvan üçün xüsusi yem növünü nümunə götürə bilərsiniz.
Daha sonra həmin məhsul haqqında telefonun yaxınlığında bir neçə dəfə ucadan danışmaq tövsiyə olunur. Bu müddətdə seçilmiş məhsulla bağlı internetdə axtarış aparmaq, saytlara daxil olmaq və sosial şəbəkələrdə müvafiq paylaşımlara baxmaq olmaz.
Növbəti bir neçə gün ərzində saytlarda və sosial şəbəkələrdə qarşınıza çıxan reklamlara diqqət yetirmək lazımdır. Əgər seçdiyiniz məhsulun reklamı görünərsə, bu, şübhə yarada bilər. Ancaq nəticə telefonun sizi dinlədiyinə dair qəti sübut sayılmır.
Reklamlar niyə bu qədər dəqiq olur?
Müasir reklam alqoritmləri istifadəçilər haqqında çoxsaylı məlumatları təhlil edir. Axtarış tarixçəsi, məkan məlumatları, alış-veriş vərdişləri və oxşar maraqlara malik insanların davranışları reklamların hədəflənməsində rol oynaya bilər.
Buna görə də istifadəçi haqqında məlumat əldə etmək üçün smartfonun mikrofonuna çıxış mütləq deyil. Alqoritmlər müxtəlif məlumatları birləşdirərək insanın hansı məhsullarla maraqlana biləcəyini əvvəlcədən müəyyənləşdirə bilir.
Məxfiliyi qorumaq üçün telefonun parametrlərindən mikrofona çıxışı olan tətbiqləri yoxlamaq məsləhət görülür. Səs yazmasına ehtiyacı olmayan proqramların bu icazəsini ləğv etmək daha təhlükəsiz yanaşmadır.
Jalə


