Rusiya və Ukraynada fövqəladə hallar və hava hücumu xəbərdarlığı sistemlərinə edilən kiberhücumlar əhali arasında ciddi təşvişə səbəb olub. Hər iki ölkənin sakinlərinə nüvə və kimyəvi hücumların baş verdiyi barədə saxta bildirişlər göndərilib.
Demokrat.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, hava hücumları barədə xəbərdarlıq edən "Air Alert" mobil tətbiqinin istifadəçiləri Kiyev və ətraf bölgələrə nüvə və kimyəvi zərbələrin endirildiyi barədə yalan məlumatlar alıblar.
Saxta bildirişlərdə küçə döyüşlərinin başladığı, Rusiyanın hipersəsli "Oreşnik" raketlərini yerləşdirdiyi də iddia olunub. Bəzi şəhərlərdə isə analoji xəbərdarlıqlar səsgücləndiricilər vasitəsilə yayılıb. Ukraynanın Strateji Kommunikasiya Mərkəzi radiasiya təhlükəsinin olmadığını açıqlayaraq, hadisənin Rusiyadan həyata keçirilən müdaxilə ilə əlaqəli olduğunu bildirib.
Bundan bir neçə saat sonra Rusiyada da oxşar hadisə qeydə alınıb. Rusiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq sisteminin kütləvi kiberhücuma məruz qaldığını bəyan edib. Bu dəfə rusiyalı istifadəçilərə Ukrayna dronlarının nüvə başlıqları ilə ölkəyə hücum etdiyi barədə saxta mesajlar göndərilib. Bildirişlərdə sakinlərə üç həftəlik ərzaq ehtiyatı toplamaq çağırışı da yer alıb.
Baş verənlər fonunda dünyanın müxtəlif bölgələrində müharibə, kiberhücum və kritik infrastrukturun sıradan çıxarılması ehtimallarına qarşı hazırlıq məsələsi yenidən gündəmə gəlib. Məlumata görə, 33 ölkədə hökumətlər əhalini mümkün fövqəladə vəziyyətlərə hazır olmağa çağıran tədbirlər həyata keçirir.
Böyük Britaniyada ev təsərrüfatlarının ən azı 72 saat ərzində müstəqil şəkildə ehtiyaclarını qarşılaya bilməsini hədəfləyən "Get Ready" kampaniyasına başlanılıb. Fransa və Avropa Komissiyası da vətəndaşlar üçün üç günlük fövqəladə yardım ehtiyatının hazırlanmasına dair təlimatlar yayımlayıb. Yaponiya isə ölkə miqyasında fəlakətlərin idarə olunması üzrə yeni agentliyin fəaliyyətinə başlayıb.
Təhlükəsizlik tövsiyələrində xüsusi olaraq qeyd olunur ki, genişmiqyaslı kiberhücumlar və rabitə şəbəkələrinin sıradan çıxması zamanı dövlət yardımının ilk saatlarda hər kəsə çatdırılması çətinləşə bilər. Buna görə də insanlara evlərində müəyyən müddət üçün zəruri ehtiyat saxlamaq məsləhət görülür.
Həmin ehtiyatlara içməli su, uzun müddət saxlanıla bilən ərzaq məhsulları, vacib dərmanlar, ilkin tibbi yardım çantası, fənər, ehtiyat batareyalar, radio, telefon üçün enerji qurğuları və nağd pul daxildir.
Baş verən hadisələr müasir münaqişələrdə kiberhücumların yalnız hərbi və dövlət strukturlarını deyil, birbaşa mülki əhalini də hədəfə ala biləcəyini bir daha gündəmə gətirib.
Jalə


