Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümünə dair araşdırmada yeni detallar üzə çıxıb. 2011-ci ildə həbsxanada vəfat edən sabiq kəşfiyyatçının məzarı açıldıqdan sonra aparılan ekspertizanın nəticələri diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğunun göstərişi ilə sentyabrın 12-də Kozinoğlunun məzarı açılıb və meyitdən götürülən 36 nümunə laboratoriyada araşdırılıb.
Məhkəmə Tibb Qurumunun 19 oktyabr 2026-cı il tarixli hesabatına əsasən, mərhumun dırnaqlarında, saçında və toxumalarında yüksək miqdarda antimon maddəsi aşkarlanıb. Dırnaq nümunələrində maddənin miqdarı 7 002, saç nümunələrində isə 548 ng/q olub.
Araşdırmanın diqqətçəkən məqamlarından biri məzardan götürülən yeddi torpaq nümunəsinin heç birində antimona rast gəlinməməsidir. Bu nəticə maddənin torpaqdan keçməsi ehtimalını zəiflədir və Kozinoğlunun sağlığında antimonla təmasda olması ehtimalını gündəmə gətirir.
İstintaq materiallarında Kozinoğlunun səhhəti pisləşməzdən qısa müddət əvvəl həbsxana kamerasında qəhvə içdiyi bildirilir. Onun xəstəxanaya aparılmasından sonra kamera yoldaşlarının qəhvə stəkanını yumaları da istintaq çərçivəsində diqqətə alınıb.
İstintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının süjet xətti ilə Kozinoğlunun ölümü arasındakı mümkün əlaqə də araşdırılır. Serialda Kozinoğlunu simvolizə etdiyi bildirilən Kazım Kaşifoğlu obrazının həbsxanada qəfil ölməsi ilə real hadisə arasındakı zaman uyğunluğu diqqət çəkib. Bununla bağlı serialın çəkiliş heyətinin üzvlərinin də ifadəsi alınıb.
Məlumata görə, iş üzrə 30 nəfər barəsində hüquqi tədbir görülüb, 9 şübhəli həbs edilib.
Qeyd edək ki, Kaşif Kozinoğlu 2011-ci il noyabrın 12-də həbsxanada vəfat edib. Həmin vaxt onun ölüm səbəbi ürək tutması kimi açıqlanmışdı. Yeni ekspertiza nəticələrinin ölümün səbəbi ilə bağlı şübhələrə aydınlıq gətirib-gətirməyəcəyi yekun məhkəmə-tibbi rəyindən sonra bəlli olacaq.
Jalə


