Android əməliyyat sistemi ilə işləyən smartfonların daha sürətli və təhlükəsiz işləməsi üçün bəzi gizli parametrləri aktivləşdirmək mümkündür. Bu dəyişikliklər cihazın resurslarından daha səmərəli istifadə etməyə, interfeysin çevikliyini artırmağa və əlavə təhlükəsizlik imkanlarından yararlanmağa kömək edir.
Demokrat.az xəbər verir ki, bu barədə "AntyWeb" ekspertlərin tövsiyələrinə istinadən məlumat yayıb.
1. Sistem animasiyalarının sürətini artırın
Android interfeysindəki animasiyalar telefonun görünüşünü daha cəlbedici etsə də, bəzən cihazın ləng işlədiyi təəssüratını yaradır. Bu parametrləri dəyişməklə menyular arasında keçidi sürətləndirmək mümkündür.
Bunun üçün əvvəlcə "Parametrlər" bölməsində "Telefon haqqında" menyusuna daxil olmaq və "Quruluş nömrəsi" seçiminə yeddi dəfə toxunmaq lazımdır. Beləliklə, tərtibatçı rejimi aktivləşir.
Daha sonra "Tərtibatçılar üçün" bölməsindən "Pəncərə animasiyası", "Keçid animasiyası" və "Animatorun müddəti" parametrlərini taparaq standart 1x göstəricisini 0,5x-ə dəyişmək tövsiyə olunur.
2. Arxa fonda işləyən prosesləri məhdudlaşdırın
Smartfon əvvəl açılmış tətbiqləri operativ yaddaşda saxlayır ki, istifadəçi onlara yenidən qayıdanda proqramlar daha tez açılsın. Lakin operativ yaddaşı az olan cihazlarda bu proses əlavə yük yarada bilər.
Bu problemi azaltmaq üçün tərtibatçı rejimində "Arxa fon proseslərinin limiti" bölməsinə daxil olaraq "Arxa fon prosesi yoxdur" seçimini etmək mümkündür.
Bu üsul operativ yaddaşı boşalda və cihazın qızmasını müəyyən qədər azalda bilər. Bununla belə, mənfi tərəfi də var: tətbiqlər yenidən açılarkən sıfırdan yüklənəcək və proqramlar arasında keçid daha az rahat olacaq.
3. Əlavə təhlükəsizlik funksiyalarını aktivləşdirin
Android istifadəçilərinə Google Play Protect ilə yanaşı, əlavə müdafiə vasitələrini də yoxlamaq tövsiyə olunur. Bunun üçün "Parametrlər", daha sonra "Təhlükəsizlik və məxfilik" və "Təkmil qoruma" bölməsinə keçmək lazımdır.
Burada telefon oğurluğu zamanı cihazın hərəkətlərini təhlil edərək ekranı avtomatik kilidləyən Theft Detection Lock funksiyası xüsusi əhəmiyyət daşıyır. Telefon qəfil sahibinin əlindən alınaraq qaçırılarsa, sistem bunu müəyyən edib ekranı bloklaya bilər.
Bundan başqa, saxta mobil baza stansiyaları vasitəsilə məlumatların ələ keçirilməsinin qarşısını almağa kömək edən mobil şəbəkə müdafiəsi, eləcə də spam və fişinq mesajlarını aşkarlayan əlavə filtrlər mövcuddur.
4. Gözləri qoruyan ekran rejimlərindən istifadə edin
Mütəxəssislərin digər tövsiyəsi ekran qarşısında uzun müddət vaxt keçirən istifadəçilərlə bağlıdır. Adi mavi işıq filtrləri ekranın rənglərini sarı-narıncı çalara dəyişsə də, bəzi smartfonlarda daha müasir görüntü tənzimləmə funksiyaları mövcuddur.
Məsələn, "Google Pixel" telefonlarında Comfort View, "Samsung" cihazlarında isə Eye Comfort Shield funksiyası istifadə edilə bilər. Bu imkanlar ekranın rəng temperaturunu tənzimləyərək görüntünü daha rahat etməyə kömək edir.
Qeyd edək ki, sadalanan funksiyaların hamısı hər Android telefonunda mövcud olmaya bilər. Onların əlçatanlığı əməliyyat sisteminin versiyasından, cihazın modelindən və istehsalçıdan asılıdır.
Jalə


