YapiKredi Müraciət Forması
İdman Özəl

Futbolçunun ürəyi dayandı, matç yarımçıq qaldı

Futbolçunun ürəyi dayandı, matç yarımçıq qaldı

İspaniya İkinci Liqasında keçirilən "Tenerife" – "Andorra" qarşılaşmasında futbolçulardan biri meydanda huşunu itirib. Hadisədən sonra matç dayandırılıb.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, görüşün son dəqiqələrində hesab 2:2 olarkən "Andorra"nın qapıçısı Xesus Ovono cərimə meydançasından kənara çıxaraq topa müdaxilə edib. Bu zaman o, rəqib komandanın 30 yaşlı hücumçusu Xesus de Miqellə toqquşub. Qapıçının diz zərbəsi futbolçunun sinə nahiyəsinə dəyib və hücumçu yerə yıxılaraq huşunu itirib.

Meydandakı futbolçuların çağırışı ilə həkimlər dərhal müdaxilə ediblər. Məlum olub ki, de Miqelin ürək və tənəffüs fəaliyyəti dayanıb. Tibb heyətinin reanimasiya tədbirlərindən sonra futbolçunun nəbzi bərpa edilib.

Hadisədən sonra huşsuz vəziyyətdə olan hücumçu təcili tibbi yardımla xəstəxanaya aparılıb. "Tenerife" klubunun açıqlamasında onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilib.

Qarşılaşma zamanı qapıçı Xesus Ovonoya birbaşa qırmızı vərəqə göstərilib. Baş verənlərdən sonra hər iki komandanın nümayəndələri və hakimlər matçın dayandırılması barədə qərar veriblər. Beləliklə, görüş 2:2 hesabı ilə yarımçıq qalıb.

Jalə