YapiKredi Müraciət Forması
İdman Özəl

İnfantino ilə bağlı yeni qalmaqal: FİFA onun 4 milyon dollarlıq vergisini ödəyib?

İnfantino ilə bağlı yeni qalmaqal: FİFA onun 4 milyon dollarlıq vergisini ödəyib?

FİFA prezidenti Canni İnfantino ilə bağlı yeni maliyyə qalmaqalı gündəmə gəlib. Məlumata görə, qurum rəhbərin 2024, 2025 və 2026-cı illər üzrə ABŞ-da ödəməli olduğu təxminən 4 milyon dollarlıq vergini öz üzərinə götürüb.

Demokrat.az xəbər verir ki, bu barədə "The New York Times" və "Le Monde" qəzetlərinin apardığı araşdırmalarda məlumat verilib.

Nəşrlərin yazdığına görə, FİFA-nın ABŞ-a köçən əməkdaşları üçün tətbiq etdiyi vergi kompensasiyası mexanizmi yalnız qurumun işçilərini əhatə etməli idi. Seçilmiş vəzifəli şəxslərin, o cümlədən prezidentin bu güzəştdən yararlanması nəzərdə tutulmayıb.

Araşdırmada bildirilir ki, İnfantinoya belə bir maliyyə imtiyazı 2024-cü ildə yüksək vəzifəli şəxslərin maaşlarını müəyyənləşdirən kiçik komitənin qərarı ilə verilib. Lakin bu qərarın FİFA-nın rəsmi sənədlərində əksini tapmadığı iddia olunur. Bu da güzəştin hansı əsaslarla tətbiq edildiyi ilə bağlı suallar yaradıb.

Məsələ ilə bağlı FİFA-nın müstəqil İdarəetmə, Audit və Uyğunluq Komitəsinin rəhbəri Bruno Çiomentonun da adı hallanır. İnfantino ilə təxminən 20 illik dostluq münasibəti olduğu bildirilən isveçrəli hüquqşünasın qurum daxilində bir sıra xüsusi imtiyazlardan yararlandığı qeyd edilir.

Məlumata əsasən, Çiomento 2026-cı il dünya çempionatına qatılmaq üçün xüsusi "çox vacib şəxs" statusu alan yeganə komitə rəhbəri olub. Bu imtiyaz ona turnirdə izləmək istədiyi oyunları seçmək imkanı verib. Bundan başqa, digər komitə sədrlərinin maaşları ABŞ dolları ilə ödənildiyi halda, onun illik 250 min İsveçrə frankı məbləğindəki əməkhaqqını İsveçrə valyutası ilə aldığı bildirilir.

Qalmaqal İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı təşəbbüsünün də müzakirə olunduğu vaxta təsadüf edir. Həmin təklifin müqavimətlə qarşılandığı, Avropanın mümkün boykot variantını nəzərdən keçirə biləcəyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, İnfantinonun gələn il martın 18-də Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA prezidentliyi seçkisində dördüncü müddətə namizəd olacağı gözlənilir. Hazırda onunla rəqabət aparacağını açıqlayan başqa namizəd yoxdur.

Jalə